Monitorinqlərdə yeni sual növlərindən istifadə edirik və çalışırıq ki, tətbiq etdiyimiz sual formatları növbəti nəsli yeni tip imtahanlara hazırlamış olsun. Bu sualların bir qismini saxlayıb növbəti illərdə də istifadə etməyi düşünürük.
Gununsesi.info xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Trend Beynəlxalq İnformasiya Agentliyinə, APA İnformasiya Agentliyinə və “Xəzər TV” televiziya kanalına birgə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, eyni sual üzrə müxtəlif illərdə eyni yaş qrupundan olan uşaqların cavablarını müqayisə etmək dinamikanı daha yaxşı göstərir. Emin Əmrullayev bildirib ki, sualları dərhal açıqladıqda, şagirdlər məhz həmin suallarla hazırlanırlar və nəticələr eyniləşir:
“Buna görə də biz üç-dörd ildən sonra əvvəlki sualları açıqlamağı planlaşdırırıq. Sualları indi açıqlamamağımızın səbəbi odur ki, tədqiqat baxımından müəyyən sualları hər il təkrar tətbiq etməklə eyni yaş qruplarının nəticələrini müqayisə edir və irəli gedib-getmədiyimizi müəyyənləşdiririk.
Hər il tədricən inkişaf müşahidə edirik. Məsələnin mahiyyəti ondan ibarətdir ki, müəllim dörd il ərzində dərs deyibsə, həmin sinfin əldə etdiyi nailiyyətlərdə onun da payı var. Biz nəticələri ölçürük və müzakirə edirik”.












