İcbari tibbi sığorta ilə bağlı regionlarda bir sıra problemlərlə qarşılaşırıq.
Gununsesi.info-nun xəbərinə görə, bunu Milli Məclisin İnsan Hüquqları Komitəsinin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, Gəncə şəhərində bəzi cərrahiyyə əməliyyatlarının dövlət xəstəxanalarında həyata keçirilməsi mümkün deyil: “Deyirlər ki, Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir. Dövlət xəstəxanalarından imtina cavabı aldıqdan sonra vətəndaş Gəncədə yerləşən və icbari tibbi sığorta çərçivəsində əməliyyat həyata keçirə bilən özəl xəstəxanalara müraciət edə bilmir. Təsəvvür edin, Gəncədə yaşayan orta təbəqənin nümayəndəsi 7-8 xəstəxanadan imtina cavabı alır. Sonra Bakıya gəlməli, burada müayinə və əməliyyat üçün növbə gözləməlidir. Bu növbə bəzən iki-üç ay çəkə bilər. Gəncə, Şəki, Lənkəran və digər regionlarda ixtisaslaşmış özəl xəstəxanalar fəaliyyət göstərir, burada savadlı, təcrübəli həkimlər çalışır. Yeni nəsil, gənc, savadlı və bilikli həkimlər Azərbaycana qayıdır, regionlarda işləməyə başlayırlar. Buna çox sevinirdik, amma onlar ya 1-2 ay işlədikdən sonra Bakıya gəlir, ya da xaricə geri qayıdır. Düşünürəm ki, düzgün mövqe ortaya qoyaraq bu problemi həll etməliyik. Paytaxtdan kənarda yaşayan vətəndaşların da icbari tibbi sığortadan istifadə etməklə özəl xəstəxanalarda ağır əməliyyatlar keçirməsinə şərait yaradılmalıdır”.












