Marketinq mütəxəssisi AZAL-ın işə qəbuluna irad bildirdi

  • Müəllif: Şəbnəm
  • 21 Sentyabr 2026 13:52

Son vaxtlar şirkətlərin işə qəbul prosesində namizədlərə yanaşması və müraciətlərin dəyərləndirilməsi məsələsi insanlar arasında ciddi müzakirə mövzusuna çevrilib.

Belə müzakirələrdən biri də AZAL-ın işə qəbulu məsələsi olub.

PR və marketinq mütəxəssisi Abbasəli Hüseynov öz sosial şəbəkə hesabında paylaşım edərək AZAL-da vakansiyaya müraciət etdiyini və müraciətinə qısa müddət ərzində mənfi cavab verildiyini bildirib.

O, paylaşımında işə qəbul prosesinin aparılması ilə bağlı iradlarını bildirib və müraciətlərin daha diqqətlə dəyərləndirilməsinin vacib olduğunu deyib:

Yeni iş, yeni çağırışlar və illər ərzində qazandığım təcrübəni daha böyük hədəflərə daşıya biləcəyim yeni imkanlar axtardığım bir dövrdəyəm. Marketinq, PR və kommunikasiya sahəsində 10 ilə formalaşdırdığım təcrübə ərzində müxtəlif yerli və qlobal (BİO-da hamısı yazılıb) markalar, brendlər və layihələrlə işləmək, həm strategiya qurmaq, həm də həmin strategiyanın satışa və real biznes nəticələrinə çevrilməsində iştirak etmək imkanım olub.

Bu səbəbdən qarşıma çıxan hər vakansiyaya, sadəcə “iş elanı” kimi yox, şirkətin özünü necə təqdim etdiyini, namizədlə necə kommunikasiya qurduğunu və işə qəbul prosesinin arxasında hansı düşüncənin dayandığını da görmək üçün bir fürsət kimi baxıram.

Bu dəfə isə qarşıma AZAL-ın bir vakansiyası çıxdı. Düşündüm ki, təcrübəmi və bacarıqlarımı bu elanın tələbləri ilə müqayisə edim və müraciət edim. Nəticə? Yerləşdirdiyim şəkildə və mətində ətraflı qeyd etmişəm 

Hörmətli AZAL – Azerbaijan Airlines -ın İnsan Resursları şöbəsi!

Rekord müddətdə, cəmi “5 dəqiqə” ərzində müraciətimi “dəyərləndirib” göndərdiyiniz cavab üçün “təşəkkür” edirəm. Təyyarələrinizin də uçuş cədvəlinə bu qədər dəqiqliklə və yubanmadan əməl etməsini arzulayıram.

Marketinq və kommunikasiya sahəsində illərlə toplanan təcrübənin alqoritm tərəfindən bir neçə saniyəyə sıfırlanması maraqlı təcrübə oldu. Görünür, HR sisteminizin sürəti namizədlərin keyfiyyətini anlamaq sürətini bir az qabaqlayır.

Təcrübəmə “uyğun” başqa bir vakansiya çıxsa, söz verirəm ki, alqoritminizin xoşuna gələcək cavabları əvvəlcədən təxmin etməyə çalışacağam. Hər addımda ‘komandamızı genişləndiririk’ görüntüsü verib, real müraciətləri 5 dəqiqəyə robota rədd etdirmək də özünəməxsus ‘brend kommunikasiyası’ taktikasıdır. 

İşlərinizdə və alqoritmlərinizlə münasibətlərinizdə uğurlar!”.

 

 

Şəbnəm