Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid Qarabağ münaqişəsi, 2023-cü il hadisələri və Ermənistan cəmiyyətindəki reaksiyalarla bağlı fikirlərini bildirib.
Gununsesi.info xəbər verir ki, Rəşad Məcid son günlər sosial mediada Ermənistan tərəfdən səslənən etiraz və narazılıqları tənqid edib.
O bildirib ki, 2023-cü il sentyabrın 20-də evlərini itirdiklərini deyərək dünyaya müraciət edənlər Azərbaycanın 30 il ərzində yaşadığı itkiləri və dağıntıları da xatırlamalıdırlar.
“2023-ün 20 sentyabrında evlərini itirdiklərini ağlaşma qurub dünyaya car çəkənlər, bu üçcə ili dözülməz kimi qələmə verənlər bizim 30 il çəkdiklərimizin fərqində deyildilər? Öz dəhşətli əməllərini – yüz minlərlə insanı evsiz-eşiksiz qoymalarını, şəhər və kəndlərimizi bünövrədən viran etmələrini niyə yada salmırlar?” – deyə Rəşad Məcid yazıb.
Yazıçı Azərbaycan xalqının öz dərdini ifadə etsə də, bunu “ağlaşma” formasında etmədiyini vurğulayıb.
Rəşad Məcid hesab edir ki, sosial mediada müşahidə olunan bu kampaniya revanşizm meyllərini gücləndirə bilər.
O, eyni zamanda, prosesin təşkilatlanmış xarakter daşıdığını və müəyyən mərkəzdən idarə olunduğunu düşündüyünü qeyd edib.
“Bir tərəfdən sülhdən danışan qonşularımızın bu yandan da yersiz fəryad qoparıb kin və nifrət kampaniyası aparmasına başqa nə məna vermək olar?!” – deyə o bildirib.
Rəşad Məcid fikirlərinin sonunda 2020-ci il müharibəsindən sonra yaranmış vəziyyətə toxunaraq “Dəmir yumruq” ifadəsini işlədib:
“Yoxsa indiyədək aldıqları zərbələrin ən təsirlisi olan “Dəmir yumruq”dan sonra gözləri mütləq açılmalıydı. Əslində, bir müddət belə də oldu. Amma… yenə ağlaşırlar!”
Orxan











