Ginekomastiya əməliyyatı icbari tibbi sığortaya daxil edildi

  • Müəllif: Şəbnəm
  • 21 Sentyabr 2026 11:12

TƏBİB ginekomastiya əməliyyatlarının icbari tibbi sığorta ilə həyata keçirildiyi tibb müəssisələrinin siyahısını açıqlayıb.

Mövzu ilə bağlı TƏBİB-dən Gununsesi.info -ya bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 yanvar 2020-ci il tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi” çərçivəsində müəyyən cərrahi əməliyyatlar tibbi göstəriş əsasında sığortaolunanlara ödənişsiz göstərilir.

Qurumun açıqlamasına görə, Xidmətlər Zərfində ginekomastiya əməliyyatları Xəstəliklərin Beynəlxalq Təsnifatının 9-cu baxışının Klinik Modifikasiyası (XBT-9-KM) üzrə kodlaşdırılıb.

Belə ki, XBT-9-KM üzrə 85.31 koduna uyğun “Birtərəfli reduksiya mammoplastikası (birtərəfli ginekomastiya)” və 85.32 koduna uyğun “İkitərəfli reduksiya mammoplastikası (ikitərəfli ginekomastiya)” əməliyyatları icbari tibbi sığortaya daxildir.

TƏBİB qeyd edib ki, bu əməliyyatlar müvafiq həkim-mütəxəssisin təyinatı və tibbi göstəriş əsasında aşağıdakı tibb müəssisələrində sığortaolunan şəxslərə ödənişsiz həyata keçirilir:

  • Kliniki Tibbi Mərkəz
  • Xətai Tibb Mərkəzi
  • Abşeron Rayon Mərkəzi Xəstəxanası
  • Sumqayıt Tibb Mərkəzi
  • Ağsu Rayon Mərkəzi Xəstəxanası
  • Şəki Rayon Mərkəzi Xəstəxanası

Əməliyyatın icbari tibbi sığorta ilə qarşılanması üçün tibbi göstəriş və müvafiq həkim-mütəxəssisin təyinatı tələb olunur.

Qeyd edək ki, 27 iyun 2024-cü ildə Azərbaycanda ilk dəfə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinin Plastik-rekonstruktiv cərrahiyyə şöbəsində icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində “Ginekomastiya” diaqnozu üzrə “Ginekomastiyanın ləğvi” əməliyyatı icra olunub.

 

 

Vüsal Artyom 

Gununsesi.info