İqtisadçı Natiq Cəfərli ölkədə biznes mühitinin vəziyyəti ilə bağlı narahatlığını ifadə edib.
Gununsesi.info-nun xəbərinə görə, Natiq Cəfərli bildirib ki, son aylarda sahibkarlar və iş adamları ilə söhbətlər zamanı əsas müzakirə mövzusunun biznesin ölkə daxilində genişləndirilməsi deyil, fəaliyyətin xaricə köçürülməsi olduğunu müşahidə edir.
“Son aylar biznes sahəsində çalışan sahibkarlarla, iş adamları ilə söhbət edərkən əsas müzakirə mövzusu ‘biznesi hara aparaq, Gürcüstana, Özbəkistana, Qazaxıstana, ya hara’ olur. Heç biri ‘işimi burda böyütmək, yatırım qoymaq istəyirəm’ demir”, – deyə o qeyd edib.
İqtisadçı bunun ciddi məsələ olduğunu vurğulayıb.
Onun sözlərinə görə, dünyada biznes çevrələrində keçirilən sorğular hökumətlərin siyasətinə və qərarların qəbuluna təsir göstərir.
“Bizdə isə biznesin ən böyük arzusu öz işini başqa ölkəyə köçürməkdir”, – Natiq Cəfərli vurğulayıb.
O, hökumət nümayəndələrinə müraciət edərək biznesin bu yanaşmasının səbəblərinə diqqət yetirməyə çağırıb:
“Hörmətli qalstuklu müəllimlər, belə bir vəziyyətin yaranmasını görürsüz, duyursuz?!”
Elmar












