Bakıda beynəlxalq yoqa günü qeyd olunub - FOTOLAR

  • By admin
  • 05 İyul 2016 17:32

yoqa

 

 

Bakıda kollektiv meditasiya və kompleks təlimlərlə beynəlxalq yoqa günü qeyd olunub. Gununsesi.info-nun məlumatına görə, Bakı bulvarında açıq səma altında ümumilikdə 2 minə yaxın insanın iştirakı ilə baş tutmuş tədbir “Özünə fayda, digərlərinə yardım!” şüarı altında keçirilib.

Paytaxt sakinləri və şəhərin qonaqları üçün yoqa ustadlarının iştirakı ilə kütləvi yoqa təlimləri keçirilib, iştirakçılara müxtəlif hərəkətlər nümayiş etdirilib və yoqanın faydaları barədə məlumat verilib. İştirakçılara, həmçinin hind xalq rəqslərindən ibarət maraqlı konsert proqramı nümayiş etdirilib.

Gün ərzində açıq səma altında xüsusi quraşdırılmış çadırlarda təmənnasız şəkildə müəllimlər tərəfindən yoqanın müxtəlif istiqamətləri üzrə təlimlər, sağlam həyat tərzi, gözəllik, düzgün qidalanma və şəxsi inkişaf mövzularında mühazirələr təşkil olunub. Burada kütləvi qonq-terapiya, cütlüklər üçün yoqa və s. fəallıqlar keçirilib. Bundan əlavə tədbirdə arzu edənlər müalicəvi masajlar və Reyka seanslarında iştirak ediblər. Xüsusi olaraq hazırlanmış uşaq meydançasında gün ərzində əyləncəli, fiziki və əqli inkişafa yönəlmiş proqram keçirilib. Burada həmçinin peşəkar təlimçilər tərəfindən uşaq yoqası, incəsənət terapiyası və s. dərnəklər fəaliyyət göstərib. Eyni zamanda, “Yarat” mərkəzində Azərbaycanın əməkdar ezoterikləri sayılan Rasim Niyazi və Fərhad Sadıqov tərəfindən yoqa, ezoterika, sağlam həyat tərzi, astrologiya və s. mövzularda mühazirələr təşkil edilib. Yoqa ilə məşğul olmaq üçün xüsusi geyimlərin, əl işləri, təbii kosmetika və müxtəlif ekoloji təmiz məhsulların təqdim olunduğu yarmarka tədbir iştirakçılarının xüsusi marağına səbəb olub. Bununla yanaşı iştirakçılara vegetarian yeməklərini dadmaq imkanı təklif olunub.

Qeyd edək ki, beynəlxalq yoqa günü “Yoga Shahi” studiyasının təşkilatçılığı, “Yarat Contemporary Art Space”, Hindistanın Azərbaycandakı səfirliyi və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə keçirilib. Beynəlxalq yoqa festivalının tərəfdaşlarından biri qismində Beynəlxalq Dad və Keyfiyyət İnstitutu tərəfindən “Superior Taste Award” (“Möhtəşəm dad”) mükafatına layiq görülmüş “Bonaqua” suları çıxış edib. “Yoqa ilə məşğul olarkən su fəaliyyətimizi daha effektiv edən əla enerji ötürücüsüdür və məhz bu səbəbdən mümkün qədər çox maye qəbul etməyimiz tələb olunur. Beləliklə, festivalımızda iştirakçıları “Coca-Cola”nın dəstəyi əsasında “Bonaqua” təbii suları ilə təchiz edə bildik. Bu cür isti, eyni zamanda intensiv fəaliyyətlərlə zəngin bir gündə bizə təqdim olunan keyfiyyətli suya görə təşəkkür edirik!”, – deyə “Yoga Shahi” studiyasının rəhbəri Səbinə Şahi bildirib.

Qeyd edək ki, beynəlxalq yoqa günü BMT-nin Baş Assambleyası tərəfindən 2014-cü ilin 11 dekabr tarixində elan edilib. Sözügedən təşəbbüs Hindistanın baş naziri Naredndre Modiyə məxsus olub. Ölkənin nümayəndə heyəti müvafiq qətnamə irəli sürmüş və qətnamə səsvermə olmadan qəbul edilmişdir. Sənəddə “yoqanın sağlamlıq və əmin-amanlığa kompleks yanaşmanı təmin etdiyi” vurğulanır, həmçinin dünya əhalisinin “sağlam həyat tərzi keçirməyinin” əhəmiyyəti qeyd olunur.

yoqa1

 

yoqa2

 

Gülnaz Qənbərli