Bakıda dollar ajiotajı, satış dayandırıldı -"QARA BAZAR"DA 2 MANAT OLDU + FOTOLAR

  • By admin
  • 16 Noyabr 2016 17:18

sekil2

Bu gün səhər saatlarından Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında nağd dollar satışında yenidən qıtlıq müşahidə olunmağa başlayıb.

Gununsesi.info-nun Bakı şəhərinin mərkəzində yerləşən kommersiya banklarında apardığı araşdırmalar zamanı məlum oldu ki, bir çox banklarda ABŞ dollarının satışı dayandırılıb, ya da hazırda pulun olmadığını deyirlər.

Baş çəkdiyimiz banklardan birinin – Yasamal rayonu ərazisində fəaliyyət göstərən “Amrahbank”-ın adını söyləməkdən imtina edən əməkdaşı hər gün dollar olan tələbatın bir qədər də artdığını deyərək ələvə etdi ki, hazırda dolların satışı dayandırılıb: “Dolların məzənnəsinin manata nisbətdə qalxması müşahidə olunur, ona görə də insanlar dollara üstünlük verirlər. Hazırda dollar almaq istəyənlər sayı çoxdur, dollar satmaq istəyənlərin sayı isə demək olar ki, yox səviyyəsindədir”.

Xaricə səfərə getməyə hazırlaşan Əli adlı bir vətəndaş dollar almaq üçün “Unibankın” Yasamal rayonu ərazisində fəaliyyət göstərən şöbəsinə müraciət edib. Bankdan ona deyiblər ki, dollar satılmır.

“Eyni cavabı başqa banklardan da eşitmişik.Yaranmış vəziyyətdən belə qənaətə gəlmək olur ki, dolların bahalaşması gözlənilir, ona görə də süni qıtlıq yaradılır” – deyə, Əli bildirir.

Yasamal rayonu ərazisində fəaliyyət göstərən və adını söyləmək istəməyən “Unibankın”-ın əməkdaşı dolların satışını dayandırmaq barəd göstəriş aldıqlarını bildirdi və dedi ki, bunun səbəbi onların özlərinə belə məlum deyil.

Qeyd edək ki, AMB bu günə dolların rəsmi məzənnəsini 1,7039 AZN/USD səviyyəsində təyin edib. Bu da o deməkdir ki, kommersiya bankları bu günə nağd dollar satışını AMB-nin təyin etdiyi 4%-lik marja nəzərə alınmaqla maksimum 1,7720 AZN/USD-yə apara bilər. Hazırda “qara bazarda” 1 ABŞ dolları 2 manata satılır.

sekil1

sekil

Anar

Gununsesi.info