“Bakının azad edilməsi bütün Türk dünyası üçün əlamətdar hadisə idi” - TÜRKİYƏLİ SƏFİR

  • By admin
  • 15 Sentyabr 2019 16:31

“Bakının azad edilməsi bütün Türk dünyası üçün əlamətdar hadisə idi”.

Gununsesi.org xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Ozoral 15 sentyabr 1918-ci ildə Bakının erməni-bolşevik işğalından azad edən zaman şəhid olan türk əsgərlərinin abidəsini ziyarət edərkən deyib.

“Bakının azad edilməsi ilə Azərbaycanın müstəqilliyinə yol açıldı. Bu, bütün türk dünyası, gələcəyi üçün əlamətdar bir hadisə idi. Beləliklə, Bakının azad olunması həmçinin Azərbaycanın indiki sərhədləri daxilində müstəqillik əldə etməsində böyük rol oynadı. Əlbəttə ki, bu hadisə təkcə Azərbaycan-Türkiyə münasibətləri baxımından deyil, həm də dünya tarixi üçün önəmlidir. Bu, Azərbaycan və Anadolu türklərinin qardaşlığının bariz nümunəsi idi”, – deyə səfir söyləyib.

Diplomatın sözlərinə görə, Birinci Dünya müharibəsinin bitməsindən sonra Osmanlı İmperiyası son günlərini yaşamasına baxmayaraq, ən yaxşı əsgərlərini Azərbaycana köməyə göndərdi.

“Bu gün Azərbaycan və Türkiyə bir-birini dəstəkləyən və gücləndirən iki ölkədir. Bildiyiniz kimi, Azərbaycan Türkiyənin ən böyük investorudur. Eyni zamanda, Türkiyənin Azərbaycanda çoxlu sayda şirkət açan ən böyük sərmayədarlardan biridir. Bu, birliyimizin və yaxınlığımızın bir nümunəsidir “, – deyə E.Ozoral bildirib.

 

Gununsesi.org