“Bandotdel”ə çağırılanlara xəbərdarlıq - "HEÇ KİMİ MÜDAFİƏ ETMƏYİN"

  • By admin
  • 14 Oktyabr 2016 16:00

gozel

Oktyabrın 14-də səhər saatlarında Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri Oqtay Gülalıyev, Eldəniz Quliyev, AXCP sədrinin müavini Gözəl Bayramlı, AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli, həmçinin Müsavat başqanı Arif Hacılı ilə də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində söhbətlər aparılıb.
«Mənə dedilər ki, Taleh Bağırovu, Fuad Qəhrəmanlını müdafiə etmə».goz%c9%99l

Gununsesi.info xəbər verir ki, bunu AXCP sədrinin müavini Gözəl Bayramlı deyib.

G.Bayramlının sözlərinə görə,  idarədə ona deyiblər ki, dövlət quruluşunun əleyhinə, dini ekstremizmi müdafiə edən statuslar paylaşır: «Mən də onlara bildirdim ki, biz dövlət quruluşunun yox, bu rejimin əleyhinəyik. AXCP həmişə dövlətin yanında olub»-deyə o bildirib. Onun sözlərinə görə,  G.Bayramlıya deyiblər ki, artıq parlamentdə dini ekstremizmlə bağlı bir sıra qanunlar sərtləşdirilir. Həmin dəyişikliklər onları məsuliyyətə cəlb etməyə imkan verəcək: «Bir sözlə, bizi həbs etməklə hədələdilər. Mən də dedim ki, biz bu yolu tutmuşuqsa, hər şeyi göz önünə almışıq. Bizim fəaliyyətimiz sırf hüquq çərçivəsindədir».
nureddin1

AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli isə bildirb ki, sübut etməyə çalışırdılar ki, ekstremizmi müdafiə etmişəm:  “İdarənin rəis müavini və istintaq şöbəsinin rəisi ilə görüşüb, söhbət etdim. Söhbət əsasən mənim bəzi (Facebook) statuslarımla bağlı oldu. Onlar sübut etməyə çalışdılar ki, həmin statuslarda dini ekstremizmi müdafiə etmişəm”.
N.Məmmədli qeyd edib ki, o deyilənlərlə razılaşmayıb: “Mən də onlara sübut etməyə çalışdım ki, heç də o statuslarda dini ekstremizm müdafiə edilməyib. Mən Azərbaycanda zorakı metodlara, mübarizənin qeyri-hüquqi müstəvidə aparılmasına qarşı çıxan bir siyasətçiyəm. Dəfələrlə bu mövzuda yazıb bildirmişəm ki, dini ekstremizm Azərbaycan dövlətinə ən böyük təhlükədir”.

N.Məmmədli Nardaran hadisələri ilə də bağlı fikirlərini də çatdırıb: “Bütün səylər ona yönəlmişdi ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasını ekstremist qruplarla bağlayıb, ondan qisas alsınlar. Ancaq Taleh Bağırov buna imkan vermədi. Əsl din xadimi kimi öz iradəsini ortaya qoydu”.

eldeniz

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyevə  də dindirilmədə facebook statusları ilə bağlı suallar verili: “İctimai-siyasi fəallığım, dini etiqadlı insanları müdafiə etməyim, sosial şəbəkələrdə yazılarım əsas müzakirə obyekti oldu”-, deyə E.Quliyev vurğulayıb. İdarə təmsilçiləri E.Quliyevdən ictimai-siyasi fəallığı azaltmağı da tələb ediblər. E.Quliyev bildirib ki, dini inanclı insanları müdafiə etməsi də idarənin narazılığına səbəb olub: “Mən də dedim ki, hər bir insanın etiqad azadlığı var. Bununla bağlı dövlət adına qanun fəaliyyət göstərir. Bizlər də ictimai nəzarət funksiyasını yerinə yetiririk”.
E.Quliyevin sözlərinə görə,  yazılarında hakimiyyətə sərt mövqe tutması da müzakirə obyekti olub.  Hətta ona bildirilib ki, bu yazılarda cinayət tərkibi var: “Hələlik şifahi xəbərdarlıq etdilər. Fikrimcə, bu profilaktik məqsədli söhbət idi, gələcəyi isə görərik”-, deyə o bildirib.

oqtay

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Oqtay Gülalıyevdən isə, əsasən mediada «Nardaran hadisələri» ilə bağlı açıqladığı məsələlər ətrafında müzakirələr aparıblar. O,Gülalıyevin sözlərinə görə, idarə əməkdaşları siyahının mətbuatda açıqlanmasına, işgəncə olması haqda yazılanlara narazılıq ediblər.
O.Gülalıyev deyib ki, hətta işgəncə ilə bağlı yazdıqları idarənin nüfuz və imicinə zərbə kimi dəyərləndirilib: “Məndən tələb edilən o idi ki, ictimai-siyasi fəallığı dayandırım. Bunu özümə qarşı xəbərdarıq kimi dəyərləndirirəm. Həm də işarə etdilər ki, bu fəallığı dayandırmadığım halda, daha ciddi nəticələr ola bilər”.
O.Gülalıyev oktyabrın 13-də “Siyasi Məhbuslarsız Azərbaycan” təşkilatının “Nardaran işi” ilə bağlı həbs edilən şəxslərin siyahısını paylaşıb.
Həmin sənəddə bildirilir ki, ötən il noyabrın 26-sı Nardaranda baş verən hadisələrlə bağlı ümumilikdə 200-dən çox şəxs saxlanıb. Onların bir hissəsi inzibati cəzalara məruz qalıb, 87 nəfər barəsində cinayət işi açılıb və onlar həbs olunublar. Sənəddə həbs edilənlərə ifadə almaqdan ötrü ağır işgəncələr verildiyi də bildirilirdi.
Üstəlik, həbs olunanların hamısı siyasi məhbus hesab edilirdi.
Bu formada sorğu-sual nə dərəcədə düzgündür? Hakimiyyət ölkədə fikir azadlığının, siyasi haqların qorunduğunu bəyan edir. Amma atılan addımlar bəyanatlarla zidiyyət təşkil edir.

Gülnaz Qənbərli

Gununsesi.info