Bank sektorunda böhran daha da dərinləşib - İQTİSADÇI RƏŞAD HƏSƏNOVUN ŞƏRHİ

  • Müəllif: admin
  • 10 Oktyabr 2017 17:00

20160610_Rəşad Həsənov

Azərbaycan Mərkəzi Bankının hesabatlarından məlum olur ki, devalvasiyadan sonra bank sektorunda böhran getdikcə dərinləşməkdədir. Artıq problemli kreditlərin həcmi 15 faizə çatıb, kredit və əmanət qoyuluşları kəskin azalıb.

Devalvasiya qərarı verilən ərəfədə (2014-cü ilin dekabr ayında) kredit portfelinin həcmi 21.7 milyard manat idisə, amma 2017-ci ilin yanvar-avqust aylarının hesabatına görə,  portfelin həcmi 12.3 milyard manat təşkil edib. Ötən müddət ərzində iqtisadiyyata kredit qoyuluşunun həcmi 1.7 dəfə azalıb. Təəssüf ki, tendensiya aşağıya doğru getməkdədir. Məsələn, ilin əvvəli ilə müqayisədə kredit portfelinin həcmi 25 faiz azalıb. Portfel azaldıqca, problemli kreditlərin həcmində böyümə müşahidə edilir. Belə ki, devalvasiya qərarə ərəfəsində bankalara qaytarılmayan borcların həcmi 1.5 milyard manat (7 faiz) idisə,cari ilin 8 ayında bu rəqəm 1.8 milyard manat olub. Artıq portfelin 15 faizi problemli kreditlər təşkil edir.

Ümumiyyətlə, bank sektorunu təhlil etdikdə, riskləri nəzərə alan maliyyə təşkilatlarının həm kredit, həm də əmanət qoyuluşlarında məhdudiyyətlər tətbiq etdiyini görmək olur. Məsələn, banklar aktivlərinin tam 17%-ni yəni 5 milyard manatlıq hissəsini qiymətli kağızlara yatırıblar. Deməli, kredit bazarına etibar etməyən maliyyə təşkilatları vəsaitlərini Maliyyə Nazirliyinin, Mərkəzi Bankın və SOCAR-ın yüksək  gəlirlir  qiymətli kağızlarına yatırırlar. Hətta əmanət qəbulun ilin əvvəli ilə müqayisədə 7.4 faiz azaldıb. Bu ilin 8 ayının məlumatına görə, fiziki şəxslər tərəfindən cəlb edilən əmanətlərin həcmi 6.8 milyard manat olub.

Artıq 3 ilə yaxındır ki, banklar arasında yaşanan bu böhran nədən səngimək bilmir?

İqtisadçı-ekspert Rəşad Həsənov Gununsesi.info-ya şərhində bildirdi ki, devalvasiyanın dağıdıcı nəticələrindən sonra bank sektoru problemlərini hələ də həll etməyi bacarmayıb: “Hökumət bu günə qədər bank sektorunda düzgün sağlamlaşdırma proqramı həyata keçirilə bilməyib. İşlərin qeyri-effektiv olması nəticəsində sözügedən sektorda kiçilmə prosesi davam etməkdədir. Bundan əlavə, iqtisadiyyatın özündə də durğunluq müşahidə olunur”.

İqtisadçının sözlərinə görə, əvvəlki illərdən yığılıb qalan problemlərin həll edilə bilməməsi bankların kredit siyasətini təsir altında saxlayıb: “Ona görə də, alternativ yollarla aktivlərini artırmağa çalışırlar. Xüsusilə, buradakı alətlərdən biri  Mərkəzi Bankın depozitlər hərraclarıdır. Bank vəsaitləri kreditlərə deyil, digər alətlərə yönəlib.

Bank sektorunda problemli kreditlərin həcmi hələ də böyükdür. Faktiki olaraq, əhalinin kredit qaytarma qabiliyyəti zəifləyib, müştəri bazarı kiçilib”.

R.Həsənov qeyd etdi ki, əmanət bazarının da kiçilməsinin müxtəlif səbəbləri var: “Birinci səbəb bank sektoruna olan güvənin azalmasıdırsa, ikinci səbəb isə 2014-cü ilə qədər olan yığımların vətəndaşlar tərəfindən istehlak bazarına yönəldilməsidir. Hazırkı iqtisadi vəziyyət onların gəlirlərinin aşağı düşməsinə gətirib çıxarıb.

Bötüvlükdə götürəndə, bank sektorunda atılan addımlar öz effektini verməyib. Atılan addımlar kredit bazarında problemlərin həllinə deyil, bankların özünə doğru yönəldiyi üçün sadaladığımız məsələlər öz həllini tapa bilməyib. Halbuki hökumət ilk dövrdə müştərilərin problemini həll etmək istiqamətində addımlar atardısa, kompensasiya ilə yardım edərdisə, hazırkı mənzərə ilə üzləşmiş olmazdı”.

R.Həsənova görə, beynəlxalq reytinqlərdə kredit portfelindəki problemli aktivlərin həcminin 6-7 faizdən yüksək təşkil etməsi riskli hesab edilir: “Bundan yuxarı olduqda maliyyə təşkilatlarının likvidikliyinə təsir göstərir. Hazırda Azərbaycanda problemli kreditlərin artmasının 2 səbəbi var: birincisi, vaxtı keçmiş kreditlərin həcmində artım baş verir. Burada banklar bir müddət sənəd üzərində problemli kreditlərin həcmini azalda bildilər. Belə ki, əksər banklar müştərilər üçün restruktrizasiya təkifləri etdilər. Restruktrizasiya olunan kreditlər müəyyən dövr üçün problemli kreditlər siyahısından çıxarıldı. Biznes subyekti ödəmə qabiliyyətini itiribsə, bu formada təklif edilən qrafik üzrə öhdəliklərini yerinə yetirə bilmir və yenə də həmin vəsait vaxtı keçmiş borclar siyahısına düşür.

İkinci bir məsələ isə ondan ibarətdir ki, kredit portfelinin özü kiçilib. Son nəticədə bu portfeldə problemli kreditlərin xüsusi çəkisini artırır. Hələ rsəmi rəqəmlə real rəqəm arasında kəskin fərq var. Məsələn, bir neçə il əvvəl həm yerli ekspertlər, həm də beynəlxalq təşkilatlar hesabatlarında göstərirdilər ki, problemli kredirləri rəsmi rəqəmlərdən dəfələrlə çoxdur. Bəzi banklarda vaxtı keçmiş borcların həcmi 50 faizin üzərindədir. Bunun zərəri də ondan ibarətdir ki, həmin vəsait dövriyyədən kənarda qalır, nankların gəlirləri azalır, zərərləri isə artır”.

Vüsalə Rüstəmova

Gununsesi.info