“Bankdan kredit götürüb pulu verdim…” -ŞANTAJ OLUNAN MƏMUR

  • By admin
  • 13 Mart 2018 13:54

 

“Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəflinin şantaj edib pul aldığı iddia olunan şəxslər gəlib məhkəmədə həqiqətən bu adamlar tərəfindən hədələndiklərini təsdiqləsələr də, onlardan şikayətçi olmadıqlarını bildirirlər.

Gununsesi.info xəbər verir ki, bu gün məhkəmədə  zərərçəkmiş qismində Bakı İqtisadiyyat və Humanitar Kollecinin direktoru Rüxsarə Əliyeva ifadə verib. Deyib ki, günlərin birində kollecə poçt vasitəsi ilə “Bizim dövr” qəzeti göndərilmişdi. Qəzetə baxanda kollec, həmçinin şəxsən özü barədə xoşagəlməz yazılar görüb: “Guya mən katibə işləmişəm, oradan da birbaşa kollec direktoru təyin edilmişəm. Halbuki, mənim elmi dərəcəm var. Mən bundan çox əsəbiləşdim. Qəzetin, Surxay Əliyevin nömrəsini tapıb zəng elədim. Əsəbi idim. Çünki cəmi 2 ay idi ki, direktor təyin edilmişdim, istəməzdim barəmdə belə neqativ yazılar getsin. Surxay Əliyev dedi ki, işçisini kollecə göndərəcək. Ertəsi gün Hikmət Nəcəfli gəldi. Düşündüm ki, gəlib kollecə baxacaq, diplomumu görəcək, səhv yazdıqlarını anlayacaqlar. Amma Hikmət gələndə yazını silmək üçün 600 manat istədi. Mən 200 manat verdim…”

Tovuzun Yaşıllaşdırma İdarəsinin rəisi Vasif Məmmədov isə deyir ki, “Bizim dövr”də onun haqqında şantaj xarakterli yazılardan sonra Hikmət Nəcəfli ondan 1000 manat istəyib: “Mən şikayət də etdim. Onlar məndən xahiş etdilər ki, şikayəti geri götürüm. Mən də götürdüm. Amma yazılar davam etdi. Surxayla da görüşdüm, məndən pulu isə Hikmət istədi. Surxayı rayona da dəvət elədim. Amma gəlmədilər. Dedilər ki, yazıları onlara göndərirlər, dəqiqdir. Mən pul verməyə razılaşmadım. İndi heç bir şikayət və tələbim yoxdur”.

Müxtəlif dövlət orqanlarında işlədiyini bildirən zərərçəkmiş Rasim Hüseynov isə ondan şantajla 1500 manat tələb olunduğunu deyir: “Pulu bankdan kredit götürüb verdim. Əlavə olaraq da bir neçə dəfə 150 manat vermişəm. Təxminən bir il yazmadılar. Sonra yenə yazmağa başladılar. Daha pul vermədim. Sonra Sevinc adlı xanım yanıma gəldi. Dedi ki, onlara pul verməsəm, əl çəkməyəcəklər. Sevinc mənim yanımda Hikmətə zəng elədi. Hikmət ona dedi ki, 1000 manat versəm, yazmayacaqlar. Mən 500 manat göndərdim, bildirdim ki, qalanını da göndərəcəm.

Bu zərərçəkmiş də hazırda şikayətçi olmadığını əlavə edib.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının 2016-cı ilin dekabrında keçirdiyi əməliyyat zamanı “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru S. Əliyev və onun müavini Hikmət Nəcəfli saxlanılıb. Onlar rəhbərlik etdikləri qəzet və saytlarda rüsvayedici yazılar yaymaq hədəsi ilə müxtəlif şəxslərdən pul almaqda ittiham olunurlar. DTX tərəfindən aparılan araşdırmalar zamanı həm də üzə çıxıb ki, onlar adamları şantaj etmək üçün gizli səs yazma və video çəkmək üçün nəzərdə tutulmuş vasitələrdən istifadə ediblər.

İstintaqın sonunda Habil Vəliyevin işi ayrılıb. Onun işi üzrə məhkəmə istintaqı yekunlaşıb, prokuror 7 il həbs cəzası istəyib. Martın 29-da vəkili müdafiə çıxışı edəcək.

Gülər

Gununsesi.info