“Afrikanın Şimalında və Yaxın Şərqdə baş verən inqilablar və savaşlar, dəhşətli miqyaslar almış beynəlxalq terrorizm, Avropaya axan böyük insan köçü, humanitar fəlakətlər və kütləvi insan faciələri dünyanın mənzərəsini dərindən və yəqin ki, birdəfəlik dəyişib”.
Gununsesi.info-nun məlumatına görə, bunu “Azərbaycan” qəzetinə müsahibəsində Yeni Azərbaycan Partiyasının(YA) sədr müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov dilə gətirib.
“Başa düşmək çətin deyil ki, sadalanan dünya problemləri bütün dövlətlər kimi, Azərbaycanın qarşısında da ciddi çağırışlar irəli sürür”-deyənYAP rəsmisi qeyd edib ki, dünya birliyinin bir parçası olan, dünya iqtisadiyyatına inteqrasiya edən ölkəmiz o proseslərin təsirindən sığortalanmayıb. Onun sözlərinə görə, nəzərə alınmalıdır ki, Azərbaycan bəşəriyyətin nizamını pozan, ciddi təlatümlərlə müşayiət olunan bəhs etdiyimiz hadisələrin cərəyan etdiyi coğrafiyadan çox da uzaqda deyil. O, deyib ki, beləliklə, həm daxili, həm də beynəlxalq aləmdə səbəblər toplusu geniş və əhatəli islahatların aparılmasını zərurətə çevirib: “Bu islahatların keçirilməməsi, hətta gecikməyə yol verilməsi ölkəmizin daha ciddi çağırışlarla üz-üzə qalmasına gətirib çıxara bilər. Dərin iqtisadi islahatlar siyasi sistemin müvafiq şəkildə təkmilləşdirilməsini sadəcə olaraq qaçılmaz edir. Əks halda, həyata keçirilən iqtisadi islahatlar yarımçıqlıq kompleksindən xilas ola bilməyəcək. Çevik, müasir, inkişafın keyfiyyətcə yeni mərhələsinə keçidi hədəfə alan iqtisadi idarəçilik mexanizminin yaradılması təbii olaraq siyasi sistemin təkmilləşdirilməsini mühüm şərt olaraq irəli sürür”.
Gununsesi.info