BAXCP sədri polisləri təbrik etdi

  • By admin
  • 30 İyun 2018 12:01

BAXCP sədri polisləri təbrik etdi

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan polisinin 100 illiyi münasibəti ilə daxili işlər orqanlarının əməkdaşlarını təbrik edib.

Təbrikdə deyilir:

“Əziz polis əməkdaşları,

Sizi Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi münasibəti ilə təbrik edirəm.

İctimai təhlükəsizliyin təmin olunması, asayişin qorunması hər bir dövlət üçün müstəsna əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra qəbul olunan ilk qərarlardan biri ölkənin daxili işlər orqanlarının formalaşdırılması ilə bağlı oldu. Cümhuriyyətin ilk baş naziri Fətəli Xan Xoyskinin eyni zamanda ölkənin daxili işlər naziri vəzifəsini daşıması ilk respublikamızın yarandığı ağır və mürəkkəb şəraitdə daxili işlər orqanlarının dövlət həyatı üçün nə qədər mühüm əhəmiyyət daşıdığının göstəricisi idi.
Azərbaycan Daxili İşlər Nazirliyi yarandığı ilk gündən ictimai təhlükəsizliyi, asayişi təmin etmək, daxili sabitliyi, vətəndaşların həyatını, mülkiyyətini və hüquqlarını qorumaq, cinayətkarlıqla mübarizə aparmaq, Milli Ordu, təhlükəsizlik qüvvələri ilə birlikdə ərazi bütövlüyümüzin və suverenliyimizin qorunmasında işğalçı qüvvələrə qarşı mübarizə aparmaq kimi məsələləri qarşısına mühüm vəzifə kimi qoymuşdu və Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində bu vəzifənin öhdəsindən layiqincə gəldi.

Öz sələflərinin yolunu ləyaqətlə davam etdirən daxili işlər orqanlarının əməkdaşları Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda, separatizmə, ölkənin ərazi bütövlüyünə təhdid yaradan amillərə qarşı mübarizədə də böyük fədəkarlıq göstərdilər. Hələ dövlət müstəqilliyimizin bərpasından öncə Dağlıq Qarabağda başlayan və ölkənin müxtəlif ərazilərini əhatə edən separatizm dalğasının gətirdiyi ağır fəsadlara, qanlı və amansız cinayətlərə, terrorzimə qarşı mübarizənin ön cərgəsində dayananlar da məhz daxili işlər orqanlarının əməkdaşları oldular.

Dəyərli asayiş keçikçiləri,

Siz bu gün də ölkəmizdə sabitliyin və asayişin qorunmasında, ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa və onun hər cür təzahürlərinə qarşı mübarizədə üzərinizə düşən vəzifələri yüksək peşəkarlıqla yerinə yetirirsiniz. Sizə bu yolda uğurlar diləyir, hər birinizə möhkəm cansağlığı arzulayıram.
Arzi edirəm ki, ən yaxın zamanda işğal altında olan ərazilərimizdə Azərbaycanın suveren hüquqularını təmin etmək, qanunlarımızın aliliyini qorumaq nəsibiniz olsun!”

 

Gununsesi.info