Berdiməhəmmədovun oğlunun prezidentliyə namizədliyi irəli sürüldü

  • By admin
  • 15 Fevral 2022 13:00

Türkmənistan Demokratik Partiyasının növbədənkənar qurultayında ölkə prezidentinin oğlu, baş nazirin müavini Serdar Berdiməhəmmədovun növbədənkənar prezident seçkilərində namizədliyi irəli sürülüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkmənistanın dövlət xəbər agentliyi məlumat yayıb.

Agentlik qeyd edir ki, namizədliyin irəli sürülməsinə səbəb “onun xidmətləri, rəhbər vəzifədə təcrübəsi, yüksək işgüzar və mənəvi keyfiyyətləri” olub. Vurğulanır ki, “natiqlər Türkmənistan prezidenti vəzifəsinə namizəd Serdar Berdiməhəmmədovun mükəmməl liderlik və təşkilatçılıq keyfiyyətlərini qeyd ediblər. O, təvazökar və rəğbətli insan, yaxşı ailə başçısı və sağlam həyat tərzinin tərəfdarı kimi həmkarlarının hörmətini qazanıb”.

Türkmənistan Demokratik Partiyasının növbədənkənar qurultayında Serdar Berdiməhəmmədovun özü belə deyib:

“Mən xalqımıza, onun yüksək və sarsılmaz ruhuna inanıram ki, güclərimizi birləşdirərək, Vətənimizi daha da dəyişmək, Prezident Arkadağın parlaq və xoşbəxt gələcəyə inamını gücləndirmək üçün çalışacağıq”.

Qeyd edək ki, Arkadağ prezident Qurbanqulu Berdiməhəmmədovun özünəməxsus tituludur.

Serdar Berdiməhəmmədovun atasının varisi olmağa hazırlaşması uzun müddətdir ki, müşahidəçilər tərəfindən müzakirə edilirdi. Son iki ildə hakimiyyətin keçidi ilə bağlı hazırlıqlar intensivləşib. 2020-ci ildə parlament islahatı aparıldı, bu müddət ərzində Xalq Maslaxatı parlamentin yuxarı palatası, Məclis isə aşağı palata oldu.
Konstitusiya prezidentin parlamentə seçilməsini qadağan etsə də, Xalq Maslaxatına şəxsən Qurbanqulu Berdiməhəmmədov özü rəhbərlik edir.
2021-ci ilin əvvəlində Serdar Berdiməhəmmədov baş nazirin müavini vəzifəsini tutdu (Türkmənistanda prezidentin özü baş nazirdir). Nəhayət, Xalq Maslaxatının növbədənkənar iclası 2022-ci il fevralın 11-nə təyin edildi. Həmin gün Qurbanqulu Berdiməhəmmədov növbəti seçkilərdə yerini gənclərə vermək istədiyini bəyan etdi.
Prezident çoxdan Peyğəmbər yaşına qədəm qoyduğunu (63 yaş) və “gənclərə yol vermək” istədiyini bildirdi. Berdiməhəmmədovun sözlərinə görə, o, gələcəkdə Xalq Maslaxatının rəhbəri kimi fəaliyyətini davam etdirmək niyyətində olduğunu söylədi. Ertəsi gün, Mərkəzi Seçki Komissiyası martın 12-nə növbədənkənar prezident seçkiləri təyin etdi.

40 yaşlı Sərdar Berdıməhəmmədovun namizədliyi fevralın 14-də hakim Demokratik Partiyanın qurultayında irəli sürülüb.

Ondan başqa bu seçkidə üç siyasi partiyadan üç namizəd də var. Onların üçü də Qurbanqulu Berdıməhəmmədova sədaqətli olduqlarını bəyan etmişdilər.

Gununsesi.info