“Bir çox dairələr bu müqavilənin baş tutmasını istəmir, ona maneçilik törədirdilər” - MİLLƏT VƏKİLİ

  • Müəllif: admin
  • 20 Sentyabr 2017 15:48

eldar-5

“Bu gün Azərbaycan dövlətinin və xalqımızın həyatında çox mühüm və əlamətdar gündür. Bu gün – senyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasından 23 il ötür. Bu müqavilənin Azərbaycan dövlətinin inkişafında rolu və yeri müstəsnadır, əvəzsizdir. Bu, Azərbaycanda uğurlu və tarixi neft strategiyasının əsasının qoyulduğu gündür”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov adıçəkilən komitənin parlamentin payız sessiyası ilə bağlı sentyabrın 20-də keçirilən ilk iclasında çıxışı zamanı deyib.

O, bildirib ki, bu müqavəlinin baş tutması, ərsəyə gəlməsi və imzalanması da elə-belə, asan başa gəlməyib: “Bu müqavilənin imzalanması çox çətin və gərgin bir mərhələdən keçdi. Bir çox dairələr bu müqavilənin baş tutmasını istəmir, ona maneçilik törədirdilər. Yalnız mərhum dövlət rəhbərimiz Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində 1994-cü ilin sentyabr ayının 20-də bu tarixi müqavilə imzalandı və öz töhfələrini verməyə başladı. Bildiyiniz kimi, bu günlərdə də həmin müqavilənin müddəti 2050-ci ilə qədər uzadıldı, yəni, yeni Saziş imzalandı. Bunu da 21-ci əsrin müqaviləsi hesab etmək olar. Cənab Prezident də bunu məhz bu cür səciyyələndirdi. Bu baxımdan, inanıram və qəti əminəm ki, ilk müqavilə ötən 23 ildə necə uğurla icra olundusa, yeni müqavilə də o cür uğurla icra olunacaq. Azərbaycan neft ölkəsidir və neft ölkəsi kimi də hələ uzun müddət öz sözünü deyə biləcək”.

Deputat Novruzəli Aslanov da “Əsrin müqaviləsi”nin müstəqil Azərbaycanın inkişafında və tərəqqisində, dünyada nüfuz və hörmət sahibi olmasında çox mühüm rol oynadığına diqqət çəkib.

O, bildirib ki, həmin müqavilənin müddətinin uzadılması ilə bağlı yeni Sazişin imzalanması da Azərbaycanın inkişafında və tərəqqisində yeni mərhələ təşkil edəcək: “Əsrin müqaviləsi” Azərbaycan dövlətinin və xalqının böyük nailiyyətidir. Odur ki, yeni müqavilə, Saziş də böyük nailiyyətimizdir,  o da ölkəmizin inkişafına və tərəqqisinə böyük töhfəsini verəcək”.

Millət vəkili Aydın Hüseynov öz növbəsində bildirib ki, yeni Sazişin imzalanması bir daha onu sübut etdi ki, Azərbaycan dünyada etibarlı tərəfdaşdır: “Hamı ölkəmizi etibarlı tərədaş kimi qəbul edir”.

Mürtəza

Gununsesi.info