Bir-iki dilimdən artıq qarpız yeməyin! – AİB sədri gübrəli məhsullarla bağlı xəbərdarlıq etdi

  • By admin
  • 15 İyul 2021 12:02

Qarpız yay fəslinin vazkeçilməz qidalarından sayılır. Bu ilə qarpızdan istifadə daha erkən başlayıb. Hələ mayın əvvəlindən dükan-bazarlarda yeni mövsümün qarpızları satışa çıxarılmışdı…

Amma qarpızdan ehtiyatlananlar az deyil. Bu bostan bitkisinin vaxtından əvvəl satışa çıxarılması onun dərmanlarla yetirişdirlməsinə şübhələr yaradır.

Bəs qarpız yetişdirilməsində dərmanlardan istifadə nə dərəcədə düzgündür?

Gununsesi.info xəbər verir ki, Qida Təhlükəsizlik Agentliyindən verilən açıqlamada qarpızın yetişdirilməsində gübrələrədən düzgün istifadənin önəmli olduğunu bildiriblər:

“Gübrə növləri və pestisidlər vaxtında və düzgün tətbiq edilməyəndə məhsulun böyüməsinə və məhsuldarlığına səmərəli təsir göstərmir. Məhsulun tərkibində nitrat, nitrit və yaxud pestisid qalıqlarının miqdarının çox toplanması qarpızın keyfiyyəti və təhlükəsizlik göstəricilərinə  mənfi təsir etməklə və hətta qida zəhərlənmələrinə belə səbəb ola bilər. Qarpız kəsildikdə içərisindəki kütlənin yumşaq, damarlarının qabarıq gözəçarpan şəkildə olması nitratın miqdarının normadan artıq olmasının göstəricisidir. Bu hal istər tez, istərsə də gec yetişən məhsullarda ola bilər. Buna görə də zəhərlənmə hallarının qarşısının alınması üçün qarpızın düzgün şəkildə yetişdirilməsinə diqqət yetirmək lazımdır. Kəsiləndən sonra qarpızın düzgün qaydada saxlanmasına riayət edilməlidir. Ümumiyyətlə, qarpız və yemişin kəsilən gün istehlak olunması məsləhətdir. Kəsildikdən sonra soyuducuda müvafiq rejimdə saxlanmasına əməl edilməlidir. Bütöv qarpızın 10-15° C, xırda hissələrə doğranmış qarpızın isə ağzı kip qapaqlı qablarda +5° C temperaturda saxlanması məsləhət görülür. Qarpızın alma, pomidor, banan kimi etilen qazı ifraz edən meyvələrin yanında saxlanması yolverilməzdir. Etilen qazının təsirinə məruz qalan qarpızın qabığı nazikləşir, yumşalır və nəticədə keyfiyyətini itirir.

Qarpız alarkən onun rənginə, bərkliyinə, ölçüsünə, saplağına fikir verilməlidir. Qarpızın üzərində açıq sarımtıl-yaşıl və tünd yaşıl rəngdə olan zolaqlar, əsasən, bərabər ölçüdə olmalı və sərhədlərlə ayrılmalıdır. Üzərində müşahidə olunan sarı ləkələr isə onun torpaqla təmas etdiyi yerlərdir. Qabığının hamar, səthinin parlaq olması qarpızın yetişməsinin, rənginin mat və solğun olması isə köhnəliyinin əlaməti hesab olunur. Saplağının yaşıl rəngli olması qarpızın hələ tam yetişmədiyini göstərir. Yetişmiş qarpızın saplağı qurumuş, rəngi isə dəyişmiş olmalıdır. Ölçüsü nə kiçik, nə də böyük olmamalı, orta ölçüdə olan qarpız seçilməli və ələ aldıqda ağır gəlməlidir. Oval olan qarpızlar sulu, yumru olanlar isə şirin olur. Qarpızın üzərində çürümə əlamətləri və çatlar olmamalıdır. Günəş altında və yol kənarlarında satılan qarpızların alınması tövsiyə olunmur. Yerdən 20 sm hündürlükdə olan piştaxtaların üzərində satılan qarpızlara üstünlük verilməlidir. Kəsilmiş, doğranmış qarpızları almaq və ya satış nöqtələrində kəsdirmək məsləhət deyil. Qarpızı kəsməzdən əvvəl onu yaxşı yumaq, təmiz və quru bıçaqla kəsmək vacibdir”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, müşahidələrə görə, hazırda satılan qarpızların tərkibində gübrə normadan çoxdur:

“Hər il Azad İstehlakçılar Birliyində olan xüsusi bir cihazla qarpızların və yemişlərin tərkibində olan nitrantların miqdarı ölüçülür. Bu il də monitorinqlər aparılıb. Çox təəssüflər olsun ki, qarpızların tərkibində olan gübrənin miqdarı normadan qat-qat yuxarı olur. Norma olaraq qarpızın bir kq-da gübrənin miqdarı 60 mq artıq olmamalıdır. Lakin biz 240-250 mq müşahidə etmişik. Təssüflər olsun ki, bütün mövsümlərdə Azərbaycanda satılan qarpızlar nitrantlarla zəngin olur. Ona görə də istehlakçılar qarpız seçəndə çalışsınlar ki, gübrəli olmasın. Gübrəsiz qarpız Azərbaycanda 5-6 kq-dan artıq olmur. Onu kəsəndə içərisi al qırmızı rəngdə olur. Soyuq olan kimi partlayır. Gübrəli qarpız daha böyük və şirin olur. İçərisində tumlar az olur. Bu da bir istehlakçı üçün cəlbedici olur. Belə qarpızın rəngi çəhrayı olur. Bu kimi amillərə fikir versinlər.

Qarpızı insanlar bir-iki dilimdən artıq yeməsinlər. Çünki gübrələrin miqdarı çox ola bilər. Bu səbəbdən də zəhərlənmələr baş verə bilər”.

Gununsesi.info