Boks üzrə Naxçıvan şəhər birinciliyi keçirilib

  • By admin
  • 05 Sentyabr 2016 17:45

boks

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində yeniyetmələr arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyində 16 çəki dərəcəsində 40-a yaxın idmançı qüvvəsini sınayıb.

Gununsesi.info xəbər verir ki, “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında keçirilən birincilik Naxçıvan Muxtar Respublikası Boks Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov bildirib ki, yarışı keçirməkdə məqsəd yeniyetmələri zərərli vərdişlərdən kənarlaşdırmaq və onları boks idman növünə cəlb etməkdən ibarətdir. Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının sədr müavini Məmmədcəfər Əliyev yarışın qaydaları haqqında idmançılara ətraflı məlumat verib.

Beynəlxalq Boks Federasiyasının qaydalarına uyğun keçirilən birincilikdə Naxçıvan şəhəri ilə yanaşı, Şərur rayonunun idmançıları da iştirak ediblər. Gərgin mübarizə şəraitində keçən yarışlarda Heydərəli Əliyev (Naxçıvan), Azad Həsənov (Naxçıvan), Vüsal Zeynalov (Şərur), Nazim Abazərli (Naxçıvan), İzzət Cəfərov (Şərur), Nizami Novruzov (Naxçıvan) və digərləri bütün rəqiblərini üstələyərək ayrı-ayrı çəki dərəcələrində birinciliyin qalibi olublar.

Sonda yarışın qaliblərinə və mükafatçılarına Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.

Gununsesi.info