
Azərbaycan neftini Ceyhan limanı vasitəsilə dünya bazarına çıxaran Bakı-Tiflis-Ceyhan Əsas İxrac Boru Kəməri ilə istismara veriləndən indiyədək ümümilikdə 408 milyon tondan artıq (3,1 milyard bareldən artıq) xam neft nəql edilib. Bu neft Ceyhan limanında 4001 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Bununla bağlı Musavat-com-a BTC layihəsinin operatoru bp şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, bu ilin 9 ayında TC üzrə əməliyyat xərclərinə təqribən 87 milyon dollar, əsaslı xərclərə isə təqribən 21 milyon dollar sərf olunub.
2018-ci ilin üç rübü ərzində isə BTC vasitəsilə 25 milyon tondan çox (təqribən 189 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 243 tankerə yüklənib.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.
Qeyd edək ki, BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); Şevron (8,90%); Ekvinor (8,71%); TPAO (6,53%); Eni (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.










