Bu günədək Kiyevə 15 milyon avroluq humanitar yardım göstərmişik - CEYHUN BAYRAMOV

  • By admin
  • 26 May 2022 10:18

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov ölkəmizin Rusiya və Ukrayna ilə mövcud münasibətlərini şərh edib.
Gununsesi.info-nun xəbərinə görə, nazir hər iki olkə ilə yaxşı münasibətlərin mövcud olduğunu deyib:
” Burada söhbət iki böyük ölkə ilə olan hərtərəfli və yüksək səviyyəli əməkdaşlıq və tərəfdaşlıq münasibətlərindən gedir. Ukraynadakı vəziyyət, əlbəttə çox böyük narahatlıq doğurur. Azərbaycan vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün tərəfləri vaxt itirmədən dialoqa çağırıb və tərəflər arasında birbaşa danışıqların zəruriliyini vurğulayıb. Qeyd etmək istərdim ki, Azərbaycan dövlət başçısının hələ müharibənin ilk günlərində hər iki ölkənin rəhbəri ilə telefon danışıqları olub. Azərbaycan beynəlxalq münasibətlərdə beynəlxalq hüququn norma və prinsiplərini həmişə rəhbər tutur. Azərbaycan özü 30 ilə yaxın hüquqi ədalətsizlikdən əziyyət çəkmiş bir dövlət kimi beynəlxalq hüququn irəli sürdüyü, tələb etdiyi normalara əməl olunmasının tərəfdarıdır. Azərbaycanın bu məsələlərin Ukraynanın ərazi bütövlüyü çərçivəsində sülh, danışıqlar yolu ilə həll edilməsinin vacibliyini önə çəkməsi təbiidir. Qeyd etmək istərdim ki, Azərbaycan Ukraynaya ilk humanitar yardım göstərən ölkələr sırasındadır. Bu günədək tərəfimizdən Kiyevə 15 milyon avroluq humanitar yardım göstərilib”.