Bu xəstəxananın əsaslı təmiri və adının dəyişdirilməsi təklif olunur

Son günlər sosial şəbəkələrdə Müharibə Veteranlarının Respublika Klinik Xəstəxanası ilə bağlı müzakirələr genişlənib.

Gununsesi.info xəbər verir ki, istifadəçilər tibb müəssisəsinin ilk növbədə müasir tələblərə uyğun təmir edilməsinin vacib olduğunu bildirirlər.

İctimai müzakirələrdə bildirilir ki, xəstəxananın mövcud vəziyyəti ciddi yenilənməyə ehtiyac duyur. İstifadəçilərin fikrincə, bina və tibbi infrastruktur tamamilə müasirləşdirilməli, palatalar, diaqnostika və reabilitasiya şöbələri ən son standartlara uyğun qurulmalıdır.

Bununla yanaşı, sosial şəbəkə istifadəçiləri təmirdən sonra müəssisənin adının “Respublika Veteranlarının Sağlamlıq Mərkəzi” olaraq dəyişdirilməsini də təklif edirlər. Onların qənaətincə, yeni ad həm veteran anlayışını daha geniş şəkildə əhatə edir, həm də tibb müəssisəsində göstərilən diaqnostika, ambulator, stasionar və reabilitasiya xidmətlərini daha dolğun ifadə edir.

İstifadəçilər hesab edirlər ki, əsaslı təmirdən sonra müasir tibbi kompleks kimi fəaliyyət göstərəcək müəssisənin yeni adla fəaliyyətini davam etdirməsi veteranlara göstərilən dövlət qayğısının daha aydın təzahürü ola bilər.

Qeyd edək ki, bu məsələlərlə bağlı hazırda hər hansı rəsmi qərar yoxdur. Səsləndirilən fikirlər sosial şəbəkələrdə irəli sürülən ictimai təkliflərdən ibarətdir.

 

Vüsal Artyom

Gununsesi.info