“Cavanşir Feyziyevi ittiham edənlər ortaya fakt qoysunlar” – Tanınmış jurnalist

  • By admin
  • 06 Fevral 2022 12:23

Tanınmış jurnalist, “AzVision.az” saytının baş redaktoru Vüsal Məmmədov deputat Cavanşir Feyziyevlə bağlı tənqidlərə münasibət bildirib.

Gununsesi.info-nun məlumatına görə, V.Məmmədov bu barədə Feysbuk hesabında yazıb.

Paylaşımda deyilir: “Cavanşir Feyziyevlə onu ittiham edənlərin çəkişməsində tərəf olmaq istəmirəm, amma düşünürəm ki, mediamız bu hadisədən çox böyük dərs çıxarmalıdır. Əslində blogerlər də çıxarmalıdırlar, amma onların düzəlməsinə ümid etmədən, ciddiyə almamağı öyrənməliyik. Ancaq mediamız ciddi şəkildə ictimai nəzarət funksiyasını üzərinə götürməkdə niyyətlidirsə, vacib bir mətləbi əxz etmək lazımdır.

Feyziyev deyir ki, bəli, mənim və ailəmin milyonlarımız var, onları 30 ildə qurduğumuz biznesin hesabına qazanmışıq. Və onu “oğurluqla milyonlar qazanmaqda” ittiham edənləri yamanlayır. İndi növbə əks tərəfdədir. Normalda ya ortaya sübut qoymaq, ya da üzr istəmək lazımdır. Bizim media və ictimaiyyət bir şeyi anlamalıdır ki, kimisə ittiham etmək bu qədər asan olmamalıdır. “Sözdür də, buraxdım, getdi” prinsipindən uzaqlaşmalıyıq. “Filankəsin pulu varsa, deməli, korrupsionerdir” stereotipindən qurtulmağı öyrənməliyik. Kimisə sübutsuz ittiham etməyi tərgitməliyik.

Populistlərin peşəkar mediaya əsas qınağı belədir: “Rəsmi ittiham olmadan da kiminsə korrupsioner olduğunu deyin!” Nəyə əsasən? Bəli, kimsə işdən çıxarılandan sonra onun korrupsioner olduğunu demək həqiqətən asandır və artıq maraqsız olur, razıyam. Amma kiminsə pulu var deyə, onu korrupsioner elan etmək də hələ doğru deyil. Feyziyevi ittiham edənlər əksini düşünürlərsə, buyurub, göstərsinlər. Ortaya fakt qoysunlar ki, o, doğrudan da korrupsioner olub. Ya da sübutsuz danışmamağı öyrənək”.

Gununsesi.info