Çovdarovun cinayət işində sabiq icra başçısının adı hallanır

  • By admin
  • 13 Oktyabr 2016 11:55

akifsh1

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan generalı Akif Çovdarovun silsilə cinayət əməllərindən daha biri məlum olub.

Gununsesi.info qafqazinfo-ya istinadən xəbər verir ki, Kürdəmir rayonunun sabiq icra başçısı Fəxrəddin Məlikovun da cinayət işinə cəlb olunduğu epizod üzrə A.Çovdarov 44 min manat ziyan vurmaqda təqsirləndirilir.

Belə ki, general Kürdəmir rayonunda kənd təsərürfatı sahəsi üzrə bizneslə məşğul olmaq qərarına gəlib. Bu məqsədlə 2006-cı ilin yanvar ayında oğlu Ruslan Çovdarovun adına “RAF-2006” MMC yaradıb. Ardınca da Kürdəmir Rayon İcra Hakimiyyəti ilə torpaqların icarəyə verilməsi üçün müqavilələr bağlanıb. Rayonun Ərşəli kəndində 100 hektar, Qurdbayramlı kəndində 100 hektar, Mollakənd kəndinə 69 hektar ərazi faktiki olaraq Çovdarovun rəhbər olduğu şirkətə 99 illik icarəyə verilib. İcra hakimiyyəti Aparatının şöbə müdirinin müavini Əşrəf Şükürov isə həmin kəndlərdə yaşayan və 269 hektarın sahibi olan kəndliləri “bu şirkət MTN generalınındı, torpaqlarınızı o alır, sizə susmağı məsləhət bilirəm, yoxsa istənilən bəhanə ilə həbs oluna bilərsiz” deyərək qorxudub. Bu yolla torpaqlar dəyər-dəyməzinə alınaraq ələ keçirilib. Ə.Şükürov bu işin həllində “RAF-2006” MMC-nin direktoru Fəttah Seyidovla birgə işləyib.

İttiham verilən əsas məsələ isə “Xatirə” ilə bağlıdır. Çovdarovun Mollakənddə aldığı 99 hektar ərazinin tərkibində Şehman İmanova məxsus “Xatirə” yeməkxanası olub. Akif Çovdarov Şehman İmanovdan bu qeyri-yaşayış obyektini də almaq istəyib, lakin eyni üsulla, dəyərindən aşağı qiymətə. Bu zaman isə rədd cavabı alıb. Bundan sonra, general öz üsuluna əl atıb və icarəyə götürdüyü torpaq sahəsindən keçərək yeməkxanaya gedən yolları məftilli tellərlə bağlatdırıb. Bu çəpərlər 2009-cu ildən Çovdarovun vəzifədə olduğu günə kimi orada qalıb və yeməkxana faktiki olaraq fəaliyyətsiz olub. Ş.İmanov “Xatirə”sini mühasirədən xilas etmək üçün Kürdərmi rayon məhkəməsinə müraciət edib və 2011-ci ilin may ayında “Çovdar çəpərləri”nin sökülməsi barədə qərar çıxarılıb. Lakin qərar sadəcə kağız üzərində qalıb.

Sabiq icra başçısı Fəxrəddin Məlikov istintaqa ifadəsində hər şeydən xəbərsiz olduğunu deyib: “O bildirib ki, 2004-2012-ci illərdə həmin vəzifədə işləyib. “RAF-2006” MMC-yə torpaq ayrıldığını bilirdəm, amma detalları xatırlamıram”.

Bundan sonra müstəntiq F.Məlikovun imzası olan torpaq sahələrinin ayrılmasına dair sərəncamları onun qarşısına qoyub və sabiq başçı həmin an hər şeyi “xatırlayıb” və ifadəsinə davam edib: “Bu işlə Fəttah Seyidov mənim yanıma gəldi və belə bir iş görmək istədiklərini dedi. Mən də bu işi Əşrəf Şükürova tapşırdım. Fəttah Seyidov şirkətin rəhbəri haqda mənə heç nə demədi. Bu işdə Akif Çovdarovun adı olduğunu bilmirdim”.

Əşrəf Şükürov isə istintaqa ifadəsində şirkətin Akif Çovdarova aid olduğunu generalın həbsindən sonra bildiyini deyib.

Qeyd edək ki, Fəxrəddin Məlikov “Azəriqaz”ın sabiq sədri Əlixan Məlikovun qardaşıdır.

Gununsesi.info