“Dəmir yolları” gücləndirilmiş iş rejiminə keçir

  • By admin
  • 04 İyul 2016 09:30

demir yol

 

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Ramazan bayramı ilə əlaqədar olaraq sərnişin axınının rahatlığını təmin etmək prosesinə tam hazır vəziyyətdədir. Bunu Gununsesi.info-ya açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmisi Nadir Əzməmmədov deyib. “Sərnişin sıxlığının artmasının nəzərə alaraq biz bayram günlərində ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulmasını təmin edəcəyik. Artıq qoşulacaq vaqonlar hazır vəziyyətdədir. Sərnişin sıxlığına uyğun olaraq müvafiq sayda vaqonlar qataralara qoşulacaq”,- deyə N.Əzməmmədov bildirib.

Onun sözlərinə görə, əsas sıxlıq respublikanın Qərb istiqamətində olduğundan vaqonlar da, bu istiqamətdə hərəkət edən qatarlara qoşulacaq. “Bundan əlavə olaraq havaların isti keçməsini nəzərə alaraq sərnişinlərin rahat mənzil başına çatması üçün də lazımi tədbirlər görülüb. Belə ki, vaqonlarda sərinlik yaratmaq üçün kondisioner sisteminin işləməsini təmin edəcəyik və buna diqqət yetirəcəyik. Həmçinin sərnişinlərə sərinləşdirici işkilər təklif olunacaq, stansiyalarda və vağzallarda da kondisionerlərin işləməsinə və oranın sərinləşdirilməsinə də diqqət yetirəcəyik. Gündüz Gəncə istiqamətində hərəkət edən elektrik qatarında da kondisioner sistemi işləməklə yanaşı, sərnişinlərə sərinləşdirici içkilər təklif olunacaq”, – deyə N. Əzmməmədov vurğulayıb.

N.Əzməmmədov onu da əlavə etdi ki, iyulun 7-də bayram başa çatdıqdan sonra vətəndaşların geriyə qaydışının sıxlığını nəzərə alaraq onların Bakıya rahat dönüşünü təmin etmək üçün vaqonların sayı yenidən artırılacaq.

Yaxınlaşmaqda olan Ramazan bayramı müddətində şəhərlərarası marşrutlarda işləyən avtobusların sayında artım ola bilər. Bu barədə məlumat gununsesi.infoya Beynəlxalq Avtovağzalından məlumat verilib. “Müqəddəs Ramazan bayramı ilə bağlı artıq sabahdan etibarən Azərbaycanın rayonlarına üz tutan əhalinin sayında artım olacağı gözlənilir. Beynəlxalq avtovağzal olaraq biz bütün lazımi işləri görmüşük. Sıxlıq olsa, ehtiyac yaranacağı təqdirdə xətlərə əlavə avtobuslar buraxılacaq və reyslərin sayı artırılacaq”, – deyə Avtovağzaldan bildiriblər.

Gununsesi.info