
Bakının Ziya Bünyadov prospektində “taxta bazarı” kimi tanınan və tikinti materiallarının satıldığı böyük bazarda bu gün səhərdən başlamış yanğında xəsarət alanlar barədə məlumatlar daxil olur. Əməkdaşımız Ülviyyə Xudiyeva hadisə yerindən xəbər verir ki, hələlik 3 nəfərin təcili yardım avtomobili ilə xəstəxanaya aparıldığı məlumdur.
Onlardan biri tüstüdən zəhərlənib. Digəri isə istilik sistemləri satılan mağazanın icarəçisidir və içəridə 500 min manatdan çox dəyərində malı qalıbmış. Kimliyini dəqiqləşdirə bilmədiyimiz həmin ticarətçi mallarını xilas edə bilmək üçün özünü alovun içinə atıb və ciddi yanıq xəsarətləri alıb. Xəstəxanaya aparılanlardan biri də FHN-nin əməkdaşıdır, yanğınsöndürəndir. Onun da tüstüdən zəhərləndiyi bildirilir. Hadisə yerində çoxlu sayda təcili tibbi yardım avtomobilləri var və yanğından xəsarət alanların sayının artması istisna deyil.
















