D230 blokunun qiymətləndirilməsi işləri aparılır

  • By admin
  • 16 Noyabr 2020 14:42

Xəzər dənizin Azərbaycan sektorunda yerləşən D230 blokunda 2019-cu ilin dekabr ayında başlanmış 3-ölçülü seysmik tədqiqat proqramı mart ayının 14-də başa çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Report”a D230 blokunun operatoru “BP-Azerbaijan” şirkətindən məlumat verilib.

Bildirilir ki, oktyabr ayında emal prosesi tam başa çatdırılıb və hazırda perspektiv strukturun qiymətləndirilməsi işləri aparılır. Seysmik tədqiqatın interpretasiyasının nəticələri müsbət olarsa, əsas kəşfiyyat proqramına başlana bilər.

Qeyd edək ki, BP və SOCAR arasında Xəzərin Azərbaycan sektorunda yerləşən Şimali Abşeron hövzəsində D230 saylı blok daxilindəki potensial perspektivli strukturlarda birgə kəşfiyyat işlərinin aparılması üçün 2018-ci ilin aprel ayında Hasilatın Pay Bölgüsü Haqqında Saziş (HPBS) imzalanıb. Saziş 2018-ci ilin oktyabrında Azərbaycanın parlamenti tərəfindən ratifikasiya edilib.

25 illik müddəti əhatə edən HPBS-ə əsasən, BP 50 faiz iştirak payına malik olmaqla kəşfiyyat dövründə operator olacaq, iştirak payının digər 50 faizi isə SOCAR-a məxsus olacaq.

D230 saylı blok Azərbaycanın sahil xəttindən, təxminən, 80 km məsafədə yerləşir və təxminən, 3 222 km² ərazini əhatə edir. Suyun dərinliyi 100 metrə və 800 metrə arasında dəyişir.

 

 

Gununsesi.info