Daşkəsəndə YAP-ın yaranmasının 25-ci ildönümü qeyd olunub - FOTOLAR

  • By admin
  • 10 Noyabr 2017 17:30

Noyabrın 10-da Daşkəsəndə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü münasibəti ilə tədbir keçirildi.

Gununsesi.info xəbər verir ki, tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, YAP Daşkəsən rayon ərazi ilk partiya təşkilatının sədrləri və partiya fəalları, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri,  ictimaiyyət nümayəndələri və KİV mənsubları iştirak etdi.

Əvvəlcə YAP-ın yaradıcısı mərhum prezident  Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb

Toplantı dövlət himninin səsləndirilməsi və ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Mərasimdə çıxış edən YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev qeyd edib ki, ölkəmizin ictimai-siyasi həyatında müstəsna xidmətləri olmuş, yarandığı ilk gündən müasirliyi, yeniliyi fəaliyyətinin əsas məqsədi kimi qarşıya qoyan, demokratik dəyərlərə söykənən, saf əqidəli insanları ətrafına toplayan Yeni Azərbaycan Partiyasının milyonların partiyası olduğunu tarix özü artıq sübut edib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev yubiley tədbirində  çıxış edərək bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qətiyyətli iradəsi və müdrik rəhbərliyi ilə həyata keçirilən siyasi kurs Azərbaycanın gerçək müstəqilliyini təmin etdi: “Bu gün bütün regionda lider partiya olan YAP-ın yaradılmasının 25 illiyi respublikamızın hər yerində geniş şəkildə qeyd edilir. YAP ölkə vətəndaşlarının arzusunu reallaşdırmaq kimi bir missiyanı yerinə yetirir və partiya cəmiyyətimizə siyasi, sosial, iqtisadi həyatına yeni dəyərlər gətirib.

Heç kəsə sirr deyil ki, müasir Azərbaycan müstəqil dövlətinin memarı və YAP-nın yaradıcısı ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyev uğurla davam etdirir. YAP ümumxalq partiyası olaraq Azərbaycanın inkişafı naminə çalışır.”

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibətilə Daşkəsən rayonunda bir sıra silsilə tədbirlər, o cümlədən gənclər və yeniyetmələr arasında müxtəlif idman növləri üzrə rayon birinciliyi  keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilmiş idman yarışlarının qaliblərinə qiymətli  hədiyyələr verilib, partiya sıralarına yenicə qəbul olunmuş  gənc üzvlərə vəsiqələr təqdim olunub, rayonun ictimai-siyasi həyatında fəal iştirak edənlər fəxri fərmanla təltif olunublar.

Gununsesi.info