Deputat: “Mədəniyyət olmayan yerdə demokratiyadan danışmaq qeyri-mümkündür”

  • By admin
  • 23 İyun 2016 17:30

sevinc

 

“Mədəniyyət olmayan yerdə tam azadlıq və demokratiyadan danışmaq qeyri-mümkündür”. Gununsesi.info xəbər verir ki, bu fikri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bugünkü sessiyasında qurumun uşaqlar üzrə baş məruzəçisi Sevinc Fətəliyeva çıxışı zamanı deyib. Onun sözlərinə görə, mədəniyyət və demokratiya əlaqələri təkcə demokratiyanın mədəniyyətin inkişafına yox, eyni zamanda, mədəniyyətin demokratiyanın inkişafına da müsbət təsiri deməkdir: “Mədəniyyət olmayan yerdə tam azadlıq və demokratiyadan danışmaq qeyri-mümkündür. Demokratiya özü bir güc forması olaraq mədəniyyətin töhfəsi və nailiyyətidir.” S. Fətəliyeva bildirilib ki, demokratik yaşamaq qabiliyyəti cəmiyyətin bütün qatlarında əsrlər və hətta minilliklər boyu hər bir vətəndaşın milli kimliyi, fərdi mədəniyyəti və həyat tərzi əsasında formalaşır: “Azərbaycan mədəniyyət və demokratiyanın birgəyaşayışının nümunəsidir. Demokratiyanın inkişafı ölkəmizdə qədim demokratik və mədəni ənənələrə əsaslanır. Şərqdə ilk demokratik dövlət olan Azərbaycan qadınlara seçib-seçilmək hüququ verən, ilk balet və operanın yarandığı məkandır. Biz həmişə bu dəyərlərə sadiqik. Mədəni irsimizin qorunub saxlanması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ölkəmizin müstəqilliyinin bərpa edilməsindən sonra mədəni siyasətin əsas istiqaməti mədəni irsimizi sovet ideologiyasından azad etmək, marksizm-leninizm ideologiyasına uyğun olmadığından qadağan edilmiş mədəni abidələrimizin kimliyini bərpa etmək və gündəmə gətirmək olub. Bu işin öhdəsindən uğurla gəlinib və bu gün Azərbaycan dünyanın mədəniyyət mərkəzlərindən biri sayılır.” Millət vəkili əlavə edib ki, məhz bunun nəticəsində bu gün ölkəmiz Mstislav Rostropoviç Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi beynəlxalq mədəniyyət tədbirlərinə ev sahibliyi edir: “Bu tədbirlər mədəniyyətimizin qorunmasına, mədənı irsimizin gənc nəsillərə ötürülməsinə, mədəniyyətlərarası dialoqun təşviqinə öz töhfəsini verir.” S.Fətəliyeva vurğulayıb ki, mədəniyyətin inkişafına və qorunub saxlanmasına gənc nəslin cəlb edilməsi ilə terrorizmin, radikallaşmanın, dini, etnik dözümsüzlüyün yayılmasının qarşısını almaq olar.

Gununsesi.info