ABŞ Azərbaycanla strateji tərəfdaşlığı gücləndirilməsini istəyir – Bricet Brink

  • By admin
  • 23 İyun 2016 17:23

XİN

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinki qəbul edib.

Gununsesi.info-ya XİN mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, görüş zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi, enerji, terrorizmə qarşı mübarizə, regional təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 4-cü Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün ABŞ-a səfəri və keçirdiyi ikitərəfli görüşlərin münasibətlərin inkişafına əsaslı töhfə verdiyini vurğuladı. O, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə məlumat verib.

Bricet Brink ABŞ-ın Azərbaycan ilə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiyini deyərək iki ölkə arasında strateji tərəfdaşlıq üzrə dialoq mexanizminin gücləndirilməsinin vacibliyini qeyd edib. O, ABŞ-ın iqtisadiyyatın şəxaləndirilməsi və qeyri-neft sektorunun inkişafı üzrə Azərbaycanın həyata keçirdiyi tədbirləri, o cümlədən regional nəqliyyat infrastrukturu layihələrini dəstəklədiyini bildirib. Görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri və beynəlxalq gündəlikdə duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılb.

Gununsesi.info