Deputatlar Rza üçün müraciət hazırlayır

Hər kəsin əlindən bir xəta çıxa bilər və mən Rzanın etdiyinə haqq qazandırmıram. Amma bu xəta kiçikdir axı, həm də burada yüngülləşdirici amillər var. O, ziyalıdır, aktyordur, rejissordur, yüksək təhsilə malik kadrdır. Öz evini sataraq Qarabağ haqda film çəkmiş bir vətənpərvərdir. Bunları biz necə nəzərə almaya bilərik?

Bu sözləri Gununsesi.info-ya açıqlamasında millət vəkili, yazıçı Aqil Abbas onun ssenari müəllifi olduğu “Dolu” filmində yaratdığı Drakon obrazı ilə tanınan Rza Rzayevin həbsi haqda danışarkən deyib.

A.Abbas bildirib ki, Ali Məhkəməyə gələn həftənin əvvəli müraciət edəcək:

Fazil Mustafa da daxil olmaqla, bir neçə deputatla da danışmışam. Müraciətimə onlar da qoşulacaq. Rzanın vəkilinin apelyasiya şikayəti verib-vermədiyini dəqiq bilmirəm. Mən öz müraciətimlə məşğulam”.

Millət vəkili onu da əlavə edib ki, Rza Rzayevlə sabah görüşə gedəcək.

Rza Rzayevin vəkili Səlahəddin Cəfərov isə bildirib ki, qərar saytda vaxtında yerləşdirilmədiyi üçün apelyasiya şikayəti də gecikib:

“Artıq Ali Məhkəməyə şikayəti hazırlayırıq”.

Qeyd edək ki, R.Rzayev may ayının 18-i Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında həbs edilib.

 

 

Gununsesi.info