DİN-dən Tovuzun kəndlərindəki oğurluq cinayətlərinə reaksiya

  • By admin
  • 22 İyul 2022 09:54

Daxili İşlər Nazirliyi Gununsesi.info-nun “Tovuzun iki kəndində 70 evdən oğurluq edilib” başlıqlı xəbərinə reaksiya verib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun Gununsesi.info-nun elektron poçtuna göndərdiyi açıqlamanı təqdim edirik:

“Son dövrlər Tovuz rayonunun Xatınlı və Qaraxanlı kəndlərində kütləvi oğurluq hadisələrinin baş verməsi və baş vermiş hadisələrinin açılmaması ilə bağlı səsləndirilən iddialar həqiqətə uyğun deyil.

Məlumat üçün qeyd edim son zamanlar həmin kəndlərdən Tovuz rayon Polis Şöbəsinə cəmi 6 vətəndaş oğurluqla bağlı müraciət daxil olub, keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 2 nəfər yetkinlik yaşına çatmayan şəxs saxlanılıb. Tezliklə hadisə barəsində ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, məlum yazıda kənd sakinlərinə ümumilikdə 200 min manata yaxın zərər dəydiyi bildirilib. Xəbərdə də deyilir ki, sakinlər polis rəisinin bu cinayətlərə biganəliyindən narazı qalıb.

Günay
Gununsesi.info