“Bəzi səfirlər və diplomatlar yetərincə peşəkar deyillər”
Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov diplomatları, Azərbaycanın xarici ölkələrdəki diplomatik korpuslarını, Xarici İşlər Nazirliyini (XİN) qənaət rejiminə keçməyə çağırıb.
O, qeyd edib ki, dünyada krizisdir.
“Hami kimi diplomatlar da qənaətli olmalıdırlar. İkincisi, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin fəaliyyəti nəzərdən keçirilməlidir. Bilinməlidir ki, kim yaxşı işləyir, kim yaxşı işləmir? Hər diplomat sərəncama çıxan kimi onu işə götürmək olmaz. Onun fəailiyyətinə baxmaq lazımdır”- deyə, o, sözlərinə əlavə edib.
Bəs görəsən, ekspertlər millət vəkilinin “qənaət”lə bağlı məlum təklifini necə qarşılayırlar?
Politoloq Elxan Şahinoğlu Gununsesi.info-ya açıqlamasında bildirib ki, S. Seyidovun qənaət rejiminə keçilməsi məsələsi ilə bağlı fikirləri onda bəzi suallar doğurub:
“O, hesab edir ki, Qarabağ həqiqətlərini dünyada yaymaq, Xocalı soyqırımını beynəlxalq aləmdə tanıtdırmaq və digər məsələlərin həllində bizim diplomatik korpusların daha geniş məkanda fəaliyyət göstərməsinə ehtiyac var. Aydındır ki, səfirliklərdə ixtisarların aparılması Azərbaycanın maraqlarına uyğun olmaz. Azərbaycanın xaricdəki diplomatik korpusları daha effektiv şəkildə fəaliyyət göstərməlidirlər. Belə bir fikir irəli sürülmüşdü ki, səfirliklərdə ixtisarların aparılması əvəzinə Diaspora İşi üzrə Dövlət Komitəsində ixtisarlar aparmaqla onu Xarici İşlər Nazirliyinə birləşdirmək olar. Faktiki olaraq həmin komitə ilə adçəkilən nazirliyin funksiyaları üst-üstə düşür. Maliyyə vəsaitinə qənatə etmək və xərcləri azaltmaq üçün səfirliklərdə ixtisarların aparılması doğru deyil. Millət vəkili Fəzail Ağamalı da Milli Məclisdə büdcə məsələsinin müzakirəsi zamanı bildirib ki, səfirliklərə ayrılan vəsait ölkə ərazisində bəzi yenidəqurma işlərinə ayrılan puldan dəfələrlə azdır. Digər tərəfdən, ölkə prezidenti İlham Əliyev də dəfələrlə vurğulayıb ki, biz təkcə Ermənistanla Dağlıq Qarabağ uğrunda savaşmırıq. Eyni zamanda bizim qarşımızda çox güclü erməni lobbisi var və biz ona qarşı da mübarizə aparmalıyıq. Ona görə də hesab edirəm ki, Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmaq üçün dünyanın əsas ölkələrində səfirliklərimiz, diplomatik korpuslarımız mütləq olmalı və fəaliyyət göstərməlidir”.
Politoloqun dediyinə görə, bəzi ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərimiz Qarabağ həqiqətlərinin yayılmasında, dünya ictimaiyyətinə çatdırılmasında çox passivlik nümayiş etdirirlər:
“Ancaq buna baxmayaraq, təbliğatımızın güclü aparılması üçün əllərindən gələni əsirgəməyən diplomatlarımız da var. Mən bir neçə dəfə xarici ölkələrdə olmuşam və qeyd etdiyim passivliyin və aktivliyin canlı şahidi olmuşam. Digər tərəfdən, hazırda beynəlxalq aləmdə Azərbaycanın mövqeyinə də ciddi yanaşılır. Müstəqilliyimizin ilkin dövrlərində informasiya blokadasında saxlanıldığımız üçün həqiqətlərimizi dünya ictimaiyyətinə çatdıra bilmirdik. Ancaq hazırda pis-yaxşı informasiya blokadasını yarmışıq. Ancaq çox təəssüflənirəm ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı müsbət nəticə əldə edə bilməmişik. Söhbət ondan gedir ki, inkişaf etmiş dünya dövlətləri Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi, ərazisi kimi qəbul edirlər. Ancaq buna baxmayaraq, həmin dövlətlər işğal olunmuş torpaqlarımızın boşaldılmasının aktuallığını qəbul etmirlər”.
Diaspora İşi üzrə Dövlət Komitəsinin fəaliyyəti haqqında düşüncələrini də bizimlə bölüşən E. Şahinoğlu qeyd edib ki, bu komitənin fəaliyyəti onu bir o qədər də qane etmir:
“Düzdür, erməni lobbisi ilə mübarizədə çox işlər görülüb, xarici ölkələrdə diaspora təşkilatlarımız formalaşıb. Ancaq problem ondadır ki, bəzi ölkələrdə Azərbaycanla bağlı yaradılmış və fəaliyyət göstərən 2-3 dispora təşkilatı bəzi məsələlərlə bağlı eyni mövqedən çıxış edə bilmirlər, ortaq fikrə, orta məxrəcə gələ bilmirlər. Xüsusilə də Dağlıq Qarabağ məsələsi qalır bir kənarda, diaspora təkşilatları müxalifəti, yaxud iqtidarı dəstəkləməklə məşğuldurlar. Təbii ki, bu da Diaspora İşi üzrə Dövlət Komitəsinin fəaliyyətindəki çatışmazlıqlardan biridir. Çünki adıçəkilən komitə elə etməliydi ki, hamı bir hədəfə çatmaq üçün mübarizə aparsın”.
XİN-in S. Seyidovun “qənaət rejimi” ilə bağlı dediyi fikirləri dəstəkləməsi məsələsinə gəlincə, politoloq qeyd edib ki, bu da normal bir hadisədir:
“Çünki Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri kimi birbaşa Xarici İşlər Nazirliyi ilə təmasda olan deputatlarımızdan biridir. Üstəlik qarşılıqlı fəaliyyət çərçivəsində Xarici İşər Nazirliyi öz mövqeyini adıçəkilən komitə vasitəsilə həm parlametə, həm də ölkə ictimaiyyətinə diqqətinə çatdırır. Ona görə də Xarici İşlər Nazirliyinin Səməd Seyidovu dəstəkləməsi normal bir haldır”.
Politoloq Azər Rəşidoğlu isə bildirib ki, S. Seyidov parlametdəki çıxışında reallığı, həqiqətləri dilə gətirib:
“Söhbət ondan gedir ki, dövlət büdcəsi o qədər kasıblayıb ki, təkcə səfirliklərdə və diplomatik korpuslarda deyil, dövlət qurumlarında da ixtisarların aparılacağı gözlənilir. Əslində diplomatik korpusun tərkibi həddən artıq şişirdilib. Azərbaycanın xarici ölkələrdəki səfirliklərində çalışan əməkdaşlarının sayı digər ölkələrin səfirliklərində çalışan adamların sayından xeyli çoxdur. Bu qədər çox insanın səfirliklərdə işləməsinə lüzum yoxdur. Ona görə də dövlət büdcəsinə qənaət edilməsi üçün səfirliklərdə çalışanların müəyyən qisminin ixtisara salınması və ölkəyə çağırılması tam məntiqəuyğundur. Səfirliklərdə və diplomatik korpuslarda aparılacaq ixtisarlar isə Qarabağ münaqişəsinin həllində və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında heç bir rol oynamayacaq. Çünki Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri bu münaqişənin öz dövlətlərinin maraqları çərçivəsində həllinə nali olmağa çalışırlar və hər üç həmsədrin və onların təmsil etdikləri dövlətlərin maraqları üst-üstə düşür. Bunlardan əlavə, dünya ictimaiyyəti hələ də Azərbaycan həqiqətləri ilə bağlı tam və ətraflı məlumata malik deyillər. Bu da səfirlərin və diplomatların yetərincə peşəkar olmamasından irəli gəlir. Xarici ölkələrdəki diaspora təşkilatlarımızın fəaliyyətlərində də ciddi nöqsanlar və çatışmazılıqlar var. Bütün bunlar da Dağlı Qarabağ münaqişəsi və Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına ciddi maneələr yaradır. Məhz bu səbəbdən də beynəlxalq təşkilatların əksər nümayəndələri Ermənistanı dəstəkləyirlər”.
Anar
Gununsesi.info