Direktorlar da sertifikasiyaya cəlb olunmalıdır - Sabiq deputat

Azərbaycanda ümumi orta təhsil müəssisələrində müəllim kimi çalışanlar 5 ildən bir sertifikasiya imtahanlarına cəlb olunurlar. Müəllimlərdən fərqli olaraq məktəb direktorları və direktor müavinləri fəaliyyət müddəti ərzində sertifikasiyaya, yaxud onların idarəetmə bacarıqlarının yoxlanılması üçün heç bir imtahana cəlb edilmirlər. Bəs məktəb direktorlarının bilik, bacarıqlarını yoxlamaq üçün imtahana cəlb olunmaması nə dərəcədə doğru hesab edilir?

Məsələ ilə bağlı Gununsesi.info-ya açıqılamasında təhsil eksperti, sabiq deputat Sona Əliyeva bildirib ki, məktəb direktorları və onların müavinlərinin də müəllim kimi sertifikasiyaya cəlb olunmasına ehtiyac var:

“Məktəb direktorlarının və onların müavinlərinin sertifikasiya və ya buna bərabər tutulan hər hansısa bir imtahana cəlb olunması kimi Azərbaycanda bir təcrübə yoxdur. Əlbəttə, bu öncəliklə Azərbaycan təhsil sisteminin ehtiyaclarına uyğun olaraq qanunvericilikdə nəzərə alınmalı və həyata keçirilməlidir. Bütün dünyada məktəb direktorlarının imtahan verməsi təcrübəsi çox populyar deyil. Ancaq çox az olsa da, bəzi ölkələrdə mövcuddur.

Sovet dövründə də məktəb direktorunun uğurlu fəaliyyəti məktəbin nəaliyyətləri ilə bərabər tutulurdu. Burada qəbul göstəriciləri, təhsilin keyfiyyəti, davamiyyət, valideynlərlə münasibət, pedaqoji mühit, metodiki hazırlıq və s. nəzərə alınırdı.

Ancaq mən hazırkı yanaşmanı ədalətli saymıram. Çünki bəzən kollektiv çox yaxşı olur, kollektiv direktoru “aparır”, bəzən isə doğrudan çox yaxşı təcrübəli bir direktor olur və o, kollektivi bir növ yenidən yaradır. Hər bir halda əgər məktəb direktorları və onların müavinləri tədris həyata keçirir, dərs deyirlərsə, onların da müəllim kimi sertifikasiyaya cəlb olunmasına ehtiyac var.

Digər tərəfdən, əgər məktəb direktorları və onların müavinləri üçün belə bir imtahan nəzərdə tutularsa, onların bilik və bacarıqlarının yoxlanılması liderlik bacarığı, qanunvericilik, məktəbin idarəedilməsi ilə bağlı olmalıdır. Çünki bu biliklərin az olması məktəbin fəaliyyətinə də ciddi şəkildə təsir edir”.

Ekspert digər inkişaf etmiş dövlətlərdə imtahanların keçirilməsinə də diqqət çəkib:

“Onu da deyim ki, adətən təhsil sistemini müqayisə edərkən inkişaf etmiş ölkələrdən danışırıq. Amerikada ümumiyyətlə, məktəb direktorları imtahanlara cəlb olunmur. Çox nadir hallarda bu baş verir, bu zaman onların adətən təhsil səviyyəsi, təcrübəsi, göstərdiyi fəaliyyət dəyərləndirilir. İngiltərədə isə məktəb direktorları üçün imtahanlar həyata keçirilir və əsasən 3 istiqamətdə aparılır: liderlik, idarəetmə və tədris bacarıqlarının ölçülməsi. Hər bir ölkənin təhsil sisteminin öz ehtiyacları var və buna uyğun olaraq da meyarlar müəyyənləşdirilir”.

S.Əliyeva vurğulayıb ki, rayon və kəndlərdə direktorlar sayılıb, hörmət edilən ağsaqqallardan seçilməlidir:

“Hazırda, məktəb direktorlarının idarəetmə bacarıqlarına malik olub-olmaması məsələsi bir az individualdır. Azərbaycanda bu cür ölçmə modeli, dəyərləndirmə sistemi yoxdur və gündəmdə olmadığını da düşünürəm. Nəticədə belə bir ideya və düşüncə yoxdur ki, bunun üzərində işlənsin. Daha çox məktəb direktorları imtahan verəndən sonra bir də müsahibədən keçir, onların cavabları, fərdi keyfiyyətlərinə uyğun ballar verilir. Bunlar öz yerində, amma Azərbaycan cəmiyyətinin öz reallıqları da var. Əvvəllər əsasən, rayon və kənd yerlərində kollektivin ən savadlı, hörmətli, sözünə dəyər verilən müəllimi məktəb direktoru seçilirdi. Regionlarda bu çox önəmlidir, məktəb direktoru həm də kəndin bir ağsaqqalı kimidir. Ona görə də təhsil sisteminin formalaşmasında sadəcə bilik və bacarıqların dəyərləndirilməsi ölçülməməlidir, bəzi dəyərlər və stereotiplər də nəzərə alınmalıdır. Təhsil sisteminə, xüsusən də Azərbaycan cəmiyyətində soyuqqanlı münasibət olmamalıdır. Hər bir təhsi işçisinə individual yanaşılmalıdır. Bütün seçimlər, dəyərləndirmələr və nəticələr təhsil sisteminin daha yaxşı, keyfiyyətli, xalqa və dövlətə səmərəli töhfə verməsi üçün yönəlməlidir”.

 

 

Gununsesi.info