Dövlət hesabına hüquqi yardım sahəsindəki problemlər müzakirə edilib

  • By admin
  • 17 Fevral 2021 22:29

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin vəkil bürolarının rəhbərlərinin iştirakı ilə geniş tərkibdə iclası keçirilmişdir.

İclasda “2020-ci ildə dövlət hesabına göstərilən hüquqi yardım işinin təhlili, bu sahədə mövcud problemlər və gələcək prespektivlər” müzakirə olunmuşdur.  

Onlayn şəkildə keçirilən iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov qeyd etdi ki, cənab Prezident İlham Əliyevin azərbaycan vəkilliyinə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq 03.04.2019-cu il tarixli Fərmanı ilə dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə ödənilən pul vəsaitinin ödəniməsi Vəkillər Kollegiyaaına həvalə edilmişdir.

Bununla əlaqədar Kollegiyanın Rəyasət Heyəti tərəfindən qısa müddətdə müvafiq işlər görülmüş, o cümlədən dövlət hesabına göstərilən hüquqi yardıma görə ölkə üzrə bütün vəkil qurumlarında və fərdi qaydada fəaliyyət göstərən vəkillərə haqqın (məbləğlərin) ödənilməsi işləri mərkəzləşdirilmiş qaydada təşkil edilmiş, aidiyyəti sənədlərin dəqiq uçotunun aparılması təmin edilmişdir. 

Qeyd olundu ki, 2020-ci ilin dövlət büdcəsindən Vəkillər Kollegiyasına bank xidməti daxil 5519250 manat ayrılsa da, sözügedən qərarlar üzrə ümumilikdə 2 664 167 manat vəsait xərclənmiş, istifadə edilməmiş  2 855 083 manat isə ilin sonunda büdcəyə geri qaytarılmışdır.Çıxışına davam edən Anar Bağırov 2020-ci ildə dövlət hesabına göstərilən hüquqi yardım işinin təhlili ilə bağlı müvafiq statistik məlumatları iclas iştirakçılarının diqqətinə çatdıraraq bu sahədə mövcud olan bəzi problemləri, xüsusilə də bürolar tərəfindən sənədlərin düzgün tərtib olunmaması, növbətçilik siyahılarına riayət edilməməsi, vəkil qurumlarına və fərdi vəkillərə  təyinat üzrə qərarların göndərilməsi zamanı aidiyyəti dövlət qurumları tərəfindən seçkili yanaşma, formal vəkillik və s. kimi nöqsanları büro rəhbərlərinin diqqətinə çatdırdı.

Sonda məsələ ətrafında geniş müzakirələr aparılaraq bu sahədə təcrübədə rastlaşılan bir çox problemlər qeyd olundu və bu sahədə gələcək fəaliyyət  ilə bağlı konkret praktiki təkliflər verildi.

Gununsesi.info