
Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihəsi geniş müzakirə olunub.
Gununsesi.org-un xəbərinə görə, deputat Tahir Kərimli bir daha bu mövzuda çıxış edərək, himnin yenidən oranjiman olunmasını zəruri saydı. Dedi ki, torpaqları işğal altında olan dövlətin himni daha möhtəşəm, daha əzəmətli olmalıdır.
“Bu mövzulara son qoymaq lazımdır. Azərbaycanın Dövlət Himninin sözləri Əhməd Cavada, musiqisi Üzeyir Hacıbəyova məxsusdur, bu mövzuda müzakirəyə ehtiyac yoxdur”.
Deputat Qənirə Paşayeva bu fikirləri Milli Məclisdəki müzakirələrdə söylədi. Xanım deputat himnə hər hansı düzəliş edilməsini də mümkün saymadı: “Əhməd Cavadın da, Üzeyir bəyin də ruhu şad olsun. Himnimizi indiyədək necə şövqlə oxumuşuq, bundan sonra da oxuyacağıq”.
Deputat Araz Əlizadə isə himnin sözlərinin Əhməd Cavada məxsusluğuna şübhə etdi: “Kimsə bu işi görməyibsə və bu işi onun adına çıxırlarsa, bu, elə onun ruhuna təhqirdir. İndi əgər bu şeiri Camo bəy (Camo bəy Hacınski) yazıbsa və bunun təsdiqi varsa, nə üçün deməliyik ki, müəllifi Əhməd Cavaddır?”
Birinci vitse-spiker Ziyafət Əsgərov isə bir məsələyə aydınlıq gətirilməsini zəruri saydı: “Biz dövlət himninə farağat halda, yoxsa əlimiz ürəyimizin başında qulaq asmalıyıq? Hər halda ikinci oxunuşda bu məsələyə aydınlıq gətirməliyik”.












