Sosial şəbəkələrdə təhqirlər Milli Məclis müzakirəsində - SİYAVUŞ NOVRUZOV DEPUTATLARA SƏSLƏNDİ

  • Müəllif: admin
  • 18 Dekabr 2018 13:29

Milli Məclisin bugünkü plenar iclasında sosial şəbəkələrdə, ayrı-ayrı media orqanlarında yer alan təhqiramiz fikirlərdən də danışılıb.

Gununsesi.org bildirir ki, bu məsələ ətrafında çıxış edən YAP-çı deputat Siyavuş Novruzov həmkarlarına da səslənib:  “Oqtay müəllim, fikirlər səslənir ki, o məsələlərin yeri bura deyil. Biz addımımızı geri qoyduqca, bunlar bir az da gəlirlər, burdakıların üzərinə… Dövlətimizin baş qurucusu haqqında olmazın təhqir ifadələri yağdırırlar. Biz niyə susmalıyıq? Biz niyə bunların cavabını verməməliyik? Bir qrup hesab edir ki, biz onların səviyyəsinə düşməməliyik. Mən bu mahnını 20 ildir bu parlamentdə eşidirəm. Söz demək istəmir, ona görə də bu bəhanə ilə sözün altından çıxmağa çalışır. Burada oturan deputatların hər birini təhqir edirlər. Ölkənin ziyalısı da, alimi də, akademiki də, deputatı da bunların cavabını verməlidir. Hər kəs öz prezidentini, ümummilli liderini qorumalıdır. Biz bunları başlı-başına buraxmışıq. Bunlar nə milli azadlıq hərəkatında, nə Azərbaycan torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak ediblər, nə xalqın taleyüklü məsələlərinin həllinə qatılıblar, nə ictimai-siyasi həyatda olublar, nə də siyasi partiyanın tərkibində fəaliyyət göstəriblər. Müxtəlif ölkələrdə, müxtəlif adlar altında ordan-burdan pul alıb, Azərbaycana qarşı təxribatlarla məşğuldurlar”.

S.Novruzov hüquq-mühafizə orqanlarına müraciət etdi: “Mən onlara üz tutub deyirəm: bir aylıq monitorinq aparın və nəticələrini qoyun, aidiyyati strukturların qarşısına… Sual verin ki, sizin ölkənizdə dövlət çevrilişinə cəhdlə əlaqədar çağırış olsaydı, hansı addımı atardınız? Burada tənqiddən yox, təhqirdən söhbət gedir. Bir şəxs bir məqalə yazır, onu Fransada gecə ilə aparırlar ki, yazısında dövlət əleyhinə çağırışlar var. Azərbaycan əleyhinə bu qədər çağırışlar edirlər, oturublar orda, bəsləyirsiniz onları… Hüquq-mühafizə orqanları “İnterpol”a sənədləri təqdim etməlidir”.

Deputat həmin şəxslərə də müraciət etdi: “Söhbət hüquqi demokratik mübarizədən gedirsə, gəl, burda mübarizəni apar. Azərbaycanda kifayət qədər siyasi partiyalar var, fəaliyyət göstərir, mitinq də keçirir, yürüş də… Liderlər də bu gün Azərbaycanda oturub, fəaliyyətini davam etdirir. Əgər sən demokratik mübarizə yolu seçmisənsə, mübarizənin yolu budur. Antidemokratik mübarizənin yolu isə hüquq-mühafizə orqanlarından keçir. Bu məsələ ciddi şəkildə həll olunmaldır ki, başqaları da bunlara qoşulmasın”.

S.Novruzov həmkarlarına da səsləndi: “Deputatlardan da xahiş edirəm ki, hər kəs konkret mövqeyini bildirsin. Heç kəs deməsin ki, bu, mənim səviyyəmə uyğun deyil. Hamımızı təhqir edirlər. Ölkəni təhqir edirlərsə, bu, bütün millət vəkillərinə təhqirdir”.