Dövlət istiqrazlarından büdcəyə 301 milyon manat daxil olub

  • Müəllif: admin
  • 02 Noyabr 2017 15:06

Bu il büdcə kəsirinin maliyyələşməsinə 71,1 mln. manat vəsait yönəldilib.

Gununsesi.info bunu Hesablama Palatasının gələn ilin büdcə rəyinə əsasən, qeyd edib.

Büdcə rəyində göstərilir ki, daxili borc öhdəlikləri siyahısında 01.01.2017-ci il tarixə mövcud olan Mərkəzi Bankın kapital çatışmazlığının aradan qaldırılması məqsədilə buraxılmış cəmi 255,4 milyon manat məbləğində sadə veksel məbləğinin və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Azərbaycan Hava Yolları” QSCyə təyyarənin alınması üçün 210,0 milyon ABŞ dolları məbləğinin, ümumilikdə 528,1 mln. manat təşkil edən vəsaitlərin 2017-ci ilin II rübü ərzində qaytarılması daxili borc yükünün azalmasına səbəb olub. 2017-ci ilin 6 ayı ərzində dövlət istiqrazları emissiyasından dövlət büdcəsinə 301,3 mln. manat daxil olub. Bu məbləğin tərkibində əvvəlki illərdə buraxılmış istiqrazlar üzrə 230,2 mln. manat vəsait geri ödənmişdir. Beləliklə 01.07.2017-ci il tarixə büdcə kəsirinin maliyyələşməsinə 71,1 mln. manat vəsait yönəldilib. Bununla da 01.07.2017-ci il tarixə dövlət istiqrazları üzrə borcun məbləği 456,3 mln. manat, o cümlədən 13,6 mln. manat borcun faiz məbləği təşkil edib. Milli Depozit Mərkəzinin məlumatına əsasən isə 2017-ci ilin 6 ayı ərzində Maliyyə Nazirliyi tərəfindən emissiya edilən istiqrazların 258,7 mln. manat məbləği Dövlət Qısamüddətli İstiqrazlarda (DQİ) və 42,6 mln. manat məbləği Dövlət Ortamüddətli İstiqrazlarda (DOİ) yerləşdirilib.

Həmçinin qeyd olunmalıdır ki, 01.07.2017-ci il tarixə dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə borc məbləğinin həcminin kifayət qədər böyük olmasına (15565,0 mln manat) baxmayaraq təqdim olunmuş büdcə layihəsində həmin məbləğ 302,9 mln. manat məbləğində şərti öhdəlik kimi nəzərdə tutulub. Xarici dövlət borcu üzrə isə 5,1 mlrd. manat ABŞ dollarına qarşı 487,9 mln. ABŞ dolları kimi şərti öhdəlik qəbul edilib. Son illərin  dövlət zəmanətilə təmin edilmiş və “Baku Bus” MMC, “Azərkosmos” ASC, “Azərsu” ASC, “Azərenerji” ASC və sair tərəfindən götürülmüş kredit vəsaitlərinin əksər hissəsi büdcə vəsaiti hesabına qaytarılır ki, bu da gələcəkdə dövlət büdcəsi üçün ağır yükə çevrilir.

Vüsalə

Gununsesi.info