Dövlət qurumları qışa hazırdırmı? - "AZƏRİSTİLİK"DƏN QIŞA BAHALAŞMA "SÜRPRİZ"İ

  • By admin
  • 15 Oktyabr 2016 12:54

suqaz

Havaların soyuması, davamlı  intensiv yağıntıların düşməsi istər-istəməz mənzillərdə istilik sisteminə təlabatı artırır. Paytaxt evlərinin əksəriyyətində qızdırıcı sistem, əsasən, su və elektrik enerjisi sayəsində həyata keçirildiyindən bu sahədəki xidmətlərə təlabat da çoxlalır. Eyni zamanda havalar soyuduqca, elektrik enerji ötürücülərində də yuklənmə nəticəsində qəza halları da çoxalır. Bəs əlaqədar qurumlar payız-qış aylarında vətəndaşları problemsiz istiliklə təmin etməyə hazırdırlarmı?

Gununsesi.info-nun sorgusunu cavablandıran  “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev  bildirib ki, “Azərişıq” ASC qış mövsümünə tam hazırdır: “Payız-qış aylarında elektrik enerjisi istifadəçilərini  günün 24 saatını elektriklə  təmin etməyə tam hazırıq. Buna görə də qış fəslində də vətəndaşlara keyfiyyətli enerji təchizatı ilə yüksək səviyyədə xidmət göstərəcəyik”-, deyə o bildirib.  T.Mustafayev bildirib ki,  bu qış əvvəlki qış fəsillərindən fərqli olacağı gözlənilir: “İlbəil  apardığımız yenidənqurma, təmir tikinti işləri, yeni inşa etdiyimiz yarım stansiyalar sayəsində hətta ən ucqar yerlərdə –  bir sözlə, hər bir ərazi elektrik enerjisi ilə təchiz olunacaq. Bu o deməkdir ki, qışa hazırlığımız yüksək səviyyədədir”-, deyə “Azərişıq” ASC-nin sözçüsü əminliklə bildirib.

“Azəriqaz” İstehsalat Birliyi də hesab edir ki, fəslindən asılı olmayaraq əhali ilboyu tələbata uyğun olaraq, qazla təmin olunur.  Qurumun  mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bildirib ki, ”Azəriqaz” İstehsalat Birliyi payız-qış mövsümünə tam hazırdır: “ “Azəriqaz” İstehsalat Birliyi bu ilin may ayından etibarən 2016-2017-çi illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar tərtib edilmiş tədbirlər planına uyğun olaraq, 2016-cı ilin may-sentyabr aylarında respublika üzrə 17607 qaz kəməri təmir edib və yeni qaz xətləri çəkilib. Ümumiyyətlə, “Azəriqaz” İstehsalat Birliyi regionlar üzrə qaz təchizatının yaxşılaşdırılması, qəsəbə və kəndlərin qazlaşdırılması, uzun müddət təbii qaz olmayan yaşayış məntəqələrinə təbii qazın verilməsi istiqamətində xeyli işlər görüb. Cari ilin 9 ayı ərzində 158 yaşayış məntəqəsi qazlaşdırılaraq, mavi yanacaqla təmin olunub. Bu yaşayış məntəqələrinin qazlaşdırılması üçün 7214,6 panaqometr yeni boru xətti çəkilib. 225 kilometr boru xətti isə əsaslı təmir olunub”.

Onun sözlərinə görə, İstehsalat Birliyi çoxmərtəbəli binalara da təbii qazın verilməsi istiqamətində bir sıra işlər aparıb. Bu işlər nəticəsində cari ilin 9 ayı ərzində 275  hündürmərtəbəli binalara qazın verilməsi təmin edilib ki, bu da 8434 mənzili əhatə edir: “Qazın satışı ilə məşğul olan bir qurum olaraq, təhlükəsizliklə bağlı sənədləri olan bütün çoxmərtəbəli binalara qazın verilməsinə hazırdır. Qəza halları baş verdikdə, istehlakçılarımız dərhal “104” və “185” saylı qaynar xəttə müraciət edirlər ki, həmin çağrı mərkəzlərimiz də sutkanın 24 saatı fəaliyyət göstərir. Ümumiyyətlə, “Azəriqaz” İstehsalat Birliyi payız-qış mövsümünə tam hazır olduğu üçün havaların qarlı-şaxtalı keçəcəyi dönəmlərdə də istehlakçılarımızı təbii qazın verilməsinda hansısa məhdudiyyətlər gözləmir”-, deyə o bildirib.

“Azərsu” ASC də payız-qış mövsümünə hazır olduğunu qeyd edir. Belə ki, qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının sözlərinə görə, həm içməli su təchizatı, həm də kanalizasiya sistemlərinin yaxşılaşdırılması ilə bağlı müvafiq işlər aparılır: “Qış aylarında şaxtalı havalarda su təchizatı ilə bağlı müəyyən problemlər yarana  bilər. Lakin bununla bağlı  ”Azərsu” Səhmdar Cəmiyyətinin istismar etdiyi şəbəkələrdə heç bir problem yoxdur. Həm nasosxanalar, həm də paylayıcı xətlərin hamısı bu gün istismardadır.  Qarlı, soyuq günlərdə də istismarda olacaq. Kanalizasiya şəbəkələrində  də mütəmadi olaraq, yoxlamalar aparılır. Yağış barmaqlıqlarının, kanalizasiya quyularının təmizlənməsi, kanalizasiya xətlərinin yuyulması ilə bağlı işlərimiz daim  davam edir. Ona  görə də bu sahədə qış aylarında hansısa ciddi problem gözləmirik “-, deyə o qeyd edib.

Xatırladaq ki, “Azəristilik” ASC qiymətlərin qaldırılması ilə bağlı Tarif (Qiymət) Şurasına müraciət edib.

Gülnaz Qənbərli

Gununsəsi.info