Dövlət qurumunda eyni bir səhv nə qədər təkrarlana bilər ?

  • By admin
  • 24 Yanvar 2023 22:51

 

İpoteka və Kredit Zəmanət Fondu bu gün “Elektron ipoteka və kredit zəmanət” sisteminin çökməsi ilə bağlı absurd bir açıqlama verib.

Qurum “əvvəlki dövrlə müqayisədə daha çox müraciətlərin olması” səbəbindən bu günə təyin edilmiş ipoteka kreditləri üzrə müraciətlərin qəbulu prosesini qısa müddətə təxirə saldığını açıqlayıb.

Hətta bu tip səbəbin özünün belə elan olunması biabırçılıq və dövlət qurumuna şərəf gətirməyən bir haldır”.

Bunu Gununsesi.info-ya açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Osman Gündüz deyib.

Onun sözlərinə görə, hazırlanması üçün cəmi iki ilə 10 milyon manat vəsait alan, saxlanması və dəstəklənməsi üçün, auditi üçün hər il yüz minlərlə vəsait ayrılan bir dövlət resursunun çökməsi rəzalətdir.

“Əvvəllər də eyni səbəblərdən çökən bir dövlət resursuna yetərincə vəsaitlər ayrılmasına baxmayaraq nə üçün normal bir vəziyyətə gətirilmir?

RİNN, XRİTDX bu məsələni, qurumun informasiya sistemlərində nələr baş verdiyini araşdırıbmı?

Ötən ilin sonu eGov səlahiyyətlərinin ASAN-dan RİNN-ə verilməsi haqqında Prezident fərmanında dövlət informasiya sistemlərinin səmərəliliyi ilə bağlı məsələlərdə RİNN-ə xeyli səlahiyyətlər verilib.

RİNN bu istiqamətlə hansı tədbirləri müəyyənləşdirib?

Konkret bu epizodda problem eGov-da olub, yoxsa Fondun daxili sistemində?

eSatınalmadan görünür ki, son illər böyük vəsaitlər xərclənərək hansısa bir qurum tərəfindən sistemin auditi aparılıb.

Auditin nəticələri necə olub, verilən tövsiyyələr icra edilibmi?

Maraqlıdır, görəsən kritik qurumların təhlükəsizliyinə cavabdeh olan XRİTDX və DTX bu qurumun informasiya sistemini audit edibmi ?

Ümumiyyətlə bu sistem kritik perimetrə daxil edilibmi?

Ciddi ehtiyac var ki, RİNN və XRİTDX bu sahədə, dövlət resurslarının effektivliyi, ayrılan vəsaitlərin səmərəliliyi, təhlükəsizliyi sahəsində normal bir qayda-qanun müəyyənləşdirsinlər”.

Mətləb Yaqublu 

Gununsesi.info