Ekspertlər: Bahalaşma davam edəcək

  • By admin
  • 20 Yanvar 2022 09:23

2022-ci ilin birinci yarısında ölkə dünya qarğıdalı ehtiyatının 69, düyünün 60, buğdanın 51 faizinə malik olacaq

Çin bütün dünya boyunca ərzaq almağı davam etdirir. ABŞ Kənd Təsərrürfatı Nazirliyinin məlumatında deyilir ki, 2022-ci ilin birinci yarısında ölkə dünya qarğıdalı ehtiyatının 69, düyünün 60, buğdanın 51 faizinə malik olacaq.

Çin buğda ehtiyatı administrasiyasının rəhbəri Tsin Yuyyun hələ noyabr ayında demişdi ki, Çində ərzağın dövlət ehtiyatları tarixi maksimum həddinə çatıb.

Dünya mediası Pekinin bununla müharibəyə, aclığa, yoxsa pandemiyanın uzanmasına hazırlıq gördüyünü müzakirə edir.

AzadlıqRadiosunun Sibir.Realii saytı yazır ki, 2021-ci ildə ərzağın qlobal qiymətləri onillik rekord həddinə çatıb.

Bəzi ərzaq məhsullarının qiymətləri 50 faiz artıb. Bu, logistika xərclərinin artması, gübrənin bahalaşması, məhsulun azlığı və əhali tələbatının artması ilə izah edilir.

Pekin ərzaq idxalını 360 faiz artırıb

Çin bütün dünyada ərzaq məhsullarının ən böyük alıcısıdır. Bu da xəbər verilir ki, Çin ümumiyyətlə ərzağın bir sıra növləri üzrə dünya ehtiyatının 50-70 faizini anbarlayıb.

Ekspertlərin məlumatına görə Çin son onillikdə ərzaq idxalını 360 faiz artırıb. İqtisadçıların bir çoxu düşünür ki, düynyada ərzaq qiymətlərinin artımı əsasən bununla bağlıdır.

BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı bu yaxınlarda xəbərdarlıq edib ki, bəzi aşağı gəlirli ölkələrdə ərzaq qiymətləri bundan sonra da 20 faizədək bahalaşa bilər.

Bu da qeyd olunur ki, Çinin ərzaq ehtiyatını belə artırmasının əsas səbəbi özünün ərzaq təhlükəsizliyini təmin etmək istəməsidir.

Rusiya ekspertlərindən Viktor Ulyanenko deyir ki, Çin hökuməti ərzaq qiymətlərinin artımı ilə bağlı əhali arasında narazılığın yaranacağından ehtiyat edir.

Dünya mediasının yazdığına görə Pekinin belə fəallığının səbəblərindən biri də ABŞ-la mümkün münaqişə zamanı ətraf aləmdən təcrid olunmağa hazırlıqdır.

Gununsesi.info