“Elektrikli” artım benzinin də qiymətinə təsir edəcəkmi?

  • Müəllif: admin
  • 15 İyul 2016 12:53

nazz

 

“Kommunal xərclərin qiymətinin artırlması labüddür, ancaq burada bir problem var. Bu da ondan ibarətdir ki, əldə olunan gəlirlərin hara xərclənməsi barədə cəmiyyətdə geniş məlumat yoxdur”.

Bunu Gununsesi.info-ya açıqlamasında Vətəndaşların Əmək Hüquqları Müdafiəsi Liqasının sədri Sahib Məmmədov elektrik enerjisinin tariflərinin qaldırılması ilə bağlı məsələyə mövqeyini açıqlayarkən deyib. Onun sözlərinə görə, təəssüflər olsun ki, əldə olunan gələn gəlirlər infrastrukturun təkmilləşməsinə və yeniləşməsinə yönəldilmir. “Biz bunu görmürük. Bunun üçün heç uzağa getməyə ehtiyac yoxdur. Bakı ətrafı qəsəblərdə elektrik naqillərinin bərbad vəziyyətdə olması bunun bariz göstəricisidir. Ancaq “Azərişıq” özü üçün və yarımstansiyalara saray  kimi inzibati binalar tikirlər. Bu isə onu göstərir ki, adıçəkilən qurumlar onlara gələn gəlir və vəsaitləri səmərəli şəkildə istifadə olunmur. “Azərişıq”ın həddən artıq xidməti maşınları var. Qoy açıqlasın onların nə qədər xidməti maşınları var?! Bax, bu hallar əhalini qıcıqlandırır. Yoxsa, vətəndaşlarımız anlayışlıdır. Əgər görsələr ki, onların verdiyi pullar səmərəli qaydada istifadə olunur, artıma danışmaz” – deyə, S. Məmmədov vurğulayıb. Digər xidmət sahəsində qiymətin artımına gəldikdə isə S. Məmmədov bildirib ki, enerji daşıyıcılarının qiymətinin qalxması təbii olaraq digər xidmət sektruna da öz təsirini göstərəcək və bu labüddür. “Çünki xidmət sektorunun birində qiymətin qalxması digər xidmət sahəsində təsir göstərməlidir. Xüsusən də, əgər elektrik enerjisinin qiyməti qalxırsa, bu avtomatik digər sahəyə öz təsirini göstərəcək. Elə bir sahə yoxdur ki, orada elektirk enerjisindən istifadə edilməsin. Ən azından hansı səviyyədə artım olubsa, o səviyyədə də digər sahədə qiymət artımı müşahidə olunacaq” – deyə, S.Məmmədov vurğulayıb. S.Məmmədov onu da əlavə edib ki, hökumət əhalinin aztəminatlı hissəsinin vəziyyətini nəzərə alaraq elektirk enerjisinin qiymətini kəskin qaldırmayıb. “Bununla belə biz istərdik ki, bu qiymət artımından əldə olunacaq gəlirlər bu sahənin infrastrukturunun inkişafına və təkmilləşməsinə, orada çalışan işçilərin əməkhaqqıların artırılmasına yönəldilsin. “Gəlirlərdən səmərəli istifadə olunsun. Əgər yenə bu vəsaitlər lazımsız yerə xərclənəcəksə, o zaman bu ictimaiyyət tərəfindən müsbət qarşılanmayacaq. Təsəvvür edin rayonlarda işıq idarələrinin müdirləri xidməti maşınlarda və mühafizəçi ilə gəzir. Belə olmaz axı?! Qiymət artımından gələn gəlirlər səmrəli istifadə olunacaqsa, halal xoşları olsun. Yox, əgər yenə də əvvəlki qaydada istifadə olunacaqsa, biz sadəcə bundan təəssüflənməli olacağıq”-deyə, S. Məmmədov qeyd edib.

“Elektrik enerjisinin qiymətinin artımı metro və dəmiryolu daşımalarında qiymtələrin artımına səbəb ola bilər”. Bunu isə sabiq millət vəkili Nazim Məmmədov deyib. “Bu amil onu göstərir ki, digər xidmətlər də, xüsusilə maya dəyərində elektrik enerjisinin xüsusi çəkisi olan (metro, soyuducu anbarlar, dəmiryolu daşımaları və s.) qiymətlərinə yenidən baxmalı olacaqlar”-deyən N.Məmmədovun sözlərinə görə, enerji sektoruna beynəlxalq maliyyə qurumlarından cəlb edilən böyük həcmdə kreditin açıqlandığı vaxtla Tarif Şurasının qərarı vaxt etibarı ilə üst-üstə düşüb. “Bu da onu deməyə əsas verir ki, Azərbaycan hökuməti qarşısında kredit verilməsində şərt olaraq tariflərin qaldırılması məsələsi qoyulub. Bu, beynəlxalq təcrübədə də tez-tez rast gəlinən məsələdir. Borc verən tərəf Azərbaycanın suveren kredit reytinqinin pisləşdiyi dövrdə daha etibarlı mənbəni, yəni bizi vətəndaşları görür. Bu amil onu göstərir ki, digər xidmətlər də, xüsusi ilə maya dəyərində elektrik enerjisinin xüsusi çəkisi olan (metro, soyuducu anbarlar, dəmiryolu daşımaları və s.) qiymətlərinə yenidən baxmalı olacaqlar. Təəssüf ki, bu yenidənbaxma istehlakçıların xeyrinə olmayacaq”- deyə, iqtisadçı alim vurğulayıb. N.Məmmədovun fikrincə, bu vəziyyətdə hamının gözü Nazirlər Kabinetinə yönələcək. “Görsün ki, hökumət vətəndaşlarını bu zəncirvari bahalaşmadan hansı sosial proqramlarla müdafiə edəcəklər? Maaşlar və təqaüdlər artırılacaqmı? Büdcənin durumuna baxdıqda mən pessimistəm, ancaq yenə də hökumət daha çox diqqəti iqtisadi fəallığın artmasına, inhisarlaşmanı ləğv etməyə, biznes şəraitinin yaxşılaşdırılmasına yönəltməlidir, eynilə dövlət və idarəetmə xərclərini azaltmalıdır, ciddi ixtisarlar etməlidir”- deyə, N.Məmmədov vurğulayıb.

sahhhh

Mürtəza

Gununsesi.info