Elmira Süleymanova Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə konfrans keçirib

  • By admin
  • 11 Dekabr 2017 10:36

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və Uşaq Fondunun ölkəmizdəki nümayəndəlikləri ilə birlikdə 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş “Bərabər hüquqların təmin edilməsi üçün bərabər imkanlar: iştirakçılıq və tərəfdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirib.

Gununsesi.info-nun xəbərinə görə, tədbirdə Milli Məclisin deputatları, dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, KİV-in nümayəndələri iştirak ediblər.

Ombudsman Elmira Süleymanova tədbiri açaraq, Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə iştirakçıları təbrik etmiş, həmin əlamətdar günün tarixi barədə ətraflı məlumat vermişdir. O, bildirmişdir ki, 10 dekabr tarixi BMT-nin qərarı ilə Beynəlxalq İnsan Hüquqları günü bəyan edilmişdir. Həmin tarix ərəfəsində bütün ölkələrə və xalqlara çağırış yönəldilir.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Zeid Raad Al Husseyn Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının gələn il 70 illiyinə həsr olunmuş “İnsan hüquqlarının müdafiəsinə qalx” çağırışı ilə hamını bu ilin 10 dekabrından başlayan bir illik ümumdünya kampaniyaya qatılmağa dəvət etmişdir. Bu mesajın mahiyyətində hüquq bərabərliyi, ayrı-seçkiliyə yolverilməzlik, hər bir kəsin iştirakı ilə əməkdaşlığın inkişafına çağırış durur. Bu yanaşmalar elə Azərbaycan təcrübəsində də kütləvilik və ictimai iştirakçılıqla həyata keçirilir.

Müvəkkil bu gün həmin kampaniyanı ölkəmizdə bəyan edərək, insan hüquqlarının müdafiəsinin səmərəliliyinin daha da artırılması istiqamətində bütün dövlət qurumlarını, beynəlxalq təşkilatları, yerli QHT-ləri, icmaları və KİV-ləri əməkdaşlığa və birgə fəaliyyətə dəvət etmiş, hər bir kəsin həmin kampaniyaya qatılmasına start verib.

Qeyd olunub  ki, bu kampaniyaya qatılmağımız və bu çağırışın təbliği ilə bağlı bu günlərdə çoxsaylı QHT-lərin və medianın iştirakı ilə geniş tədbirin keçirilməsi nəzərdə tutulub.

Habelə Ombudsman Azərbaycanda iqtisadi və sosial inkişafı, əldə olunmuş nailiyyətləri, o cümlədən hüquqi islahatları, insan hüquqları sahəsində uğurları vurğulamışdır. O, ölkəmizin siyasətində insan hüquqlarının prioritet məsələ olduğunu, üç strateji sənədin ardıcıl, sistemli şəkildə həyata keçirildiyini vurğulayıb.

E.Süleymanova ölkəmizdə Ombudsman təsisatının 15 il ərzində insan hüquqları, o cümlədən qaçqın və məcburi köçkünlərin, əliliyi olan şəxslərin, uşaqların, qadınların, məhkumların və digər əhali qruplarının hüquqlarının təmini və müdafiəsi, habelə hüquqi maarifləndirmə, beynəlxalq əməkdaşlıq sahəsində çoxşaxəli fəaliyyəti və nailiyyətləri barədə ətraflı məlumat verib.

Müvəkkil bərabər hüquqların təmin edilməsi üçün bərabər imkanların, iştirakçılığın və tərəfdaşlığın əhəmiyyətini vurğulayaraq birgə əməkdaşlıqda insan hüquqları sahəsində Azərbaycan modelini yaratmağın vacibliyini bildirib.

O, əminliyini bildirmişdir ki, mütəşəkkil xarakter daşıyan bu kampaniyanın ölkəmizdə keçirilməsi bir çox sahələrdə olduğu kimi, bu sahədə də Azərbaycan modelini yaradacaq və bu model başqa ölkələr üçün də örnək olacaqdır.

Tədbirdə adı çəkilən əlamətdar günə həsr olunmuş və BMT tərəfindən hazırlanmış videoçarx nümayiş etdirilib.

Beynəlxalq konfransın sonunda Ombudsmanın BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) ölkəmizdəki nümayəndəliyi ilə birgə Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə ənənəvi olaraq keçirdiyi “Hüquqlar hamı üçün!“ mövzusunda jurnalist yazıları, həmçinin “Mən və hüquqlarım” mövzusunda uşaq rəsm müsabiqələrinə yekun vurulmuşdur. Jurnalistlər Cavid Qədir (“525-ci qəzet”) və Əli Cəfəroğlu (“Palitra” qəzeti) I yerə, Nazim Əlifov (“Savalan” qəzeti) və Seymur Əliyev (“Türküstan” qəzeti) II yerə, Xəyalə Rəis (“Kaspi” qəzeti) və İlkin Nəcəfzadə (“Səs” qəzeti) III yerə layiq görülmüş, sertifikatlar və pul mükafatları alıblar.

Rəsm müsabiqəsinə qoşulan, Bakının və respublikamızın müxtəlif rayonlarını təmsil edən uşaqlar Könül Məmmədli, Rəvan Məmmədov və Rəqsanə Tağıyeva birinci yer, Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Samirə Orucova, Sənan Qafarov və Nərmin Məmmədli ikinci yer, Turan Gülməmmədova, Cabbar Cabbarlı və BMT QAK-ın himayəsində olan əfqanlı qaçqın Zahra Hashemi üçüncü yerləri tutmuş, onlara sertifikatlar və pul mükafatları təqdim edilmişdir. Rəsmləri fərqləndirilən 23 məktəbli isə həvəsləndirici sertifikatlarla təltif olunmuşlar. Qaliblər sırasında məcburi köçkün ailələrindən olan, internat məktəblərində təlim-tərbiyə alan, fiziki imkanları məhdud olan, habelə Ombudsmanın regional mərkəzlərinin əhatə etdiyi bölgələrdəki səkkiz rayon uşaq yaradıcılıq evlərini, rəsm studiyalarını təmsil edən istedadlı uşaqlar da vardır. Onların müsabiqəyə təqdim etdiyi rəsmlər mövzusunun aktuallığı və işlənmə texnikasının rəngarəngliyi ilə fərqlənir.

Gülnaz Qənbərli

Gununsesi.info