
“Ermənistan-Azərbaycan əlaqələrinin kəsilməsi, Ermənistan üçün faciədir”.
Gununsesi.info xəbər verir ki, bunu tanınmış rusiyalı politoloq Maksim Şevçenko “vestikavkaz”a müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsi, Rusiya-Ermənistan və Rusiyanın Cənub Qafqaz siyasəti ilə bağlı mövqeyini açıqlayarkən deyib.
Rusiyalı politoloq Qarabağ münaqişəsi həll olunmadan Ermənistan-Azərbaycan iqtisadi əlaqələrinin bərpa olunması ilə bağlı sualı cavablandırarkən deyib ki, bu, qeyri-mümkündür: “Ermənistanla Azərbaycan arasında müharibənin davam etdiyi müddətdə, Ermənistanın blokadadan çıxma perspektivi yoxdur. Vəziyyətdən yeganə çıxış yolu Ermənistan qoşunları işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalı, normal iqtisadi əlaqələrin bərpası, qaçqın və məcburi köçkünlərin qarşılıqlı formada geri qayıtması və Dağlıq Qarabağın statusunu birbaşa müzakirə etməsidir. Qaçqınların dönüşündən sonra Ermənistan-Türkiyə münasibətləri normallaşacaq və sərhədlər açılacaq, bütün bunların nəticəsində Ermənistan üzləşdiyi daxili çətin vəziyyətdən çıxa bilər”.
Politoloq əlavə edib ki, münaqişənin davam etdiyi bir zamanda Ermənistan qrantlar və bəzi milyarderlərin müxtəlif hədiyyələri, humanitar yardımları hesabına yaşamalı olacaq: “Hansı ki, bu insanlar erməni kartından öz maraqları üçün istifadə edirlər”.
Rusiya-Ermənistan münasibətlərinə toxunan politoloq deyib ki, bu gün Rusiyada Ermənistandakından 2-3 dəfə artıq erməni yaşayır.
Rusiyanın Qafqazla bağlı siyasətinin elə də uğurlu olmadığını dilə gətirən Maksim Şevçenko bildirib ki, Rusiyanın Qafqazda yeganə müttəfiqinin Ermənistan olması barədə səsləndirdiyi fikirdən əl çəkməlidir: “Yaxşı olar ki, Rusiya provaslav Gürcüstanla barışmalıdır. Gürcüstanla əlaqələrin normallaşması perespektiv cəhətdən Rusiya üçün vacibdir. Azərbaycanla da münasibətlər daha yüksək səviyyəyə qaldırılmalıdır. Düzdür, son illərdə 1990-cı illərdə olduğundan fərqli olaraq “Rusiyanın Qafqazda Ermənistandan başqa müttəfiqi yoxdur” fikrindən uzaqlaşaraq, rasional siyasət yürüdülməyə başlayıb: “Bu da təbii olaraq İrəvanda bəzi qüvvələrin xoşuna gəlmir”.
Ermənilərin bu gün üzləşdiyi ağır həyat şəraitinə gəldikdə politoloq deyib ki, ermənilər Rusiyadan daha çox bu ölkədə yaşayan erməni milyonçulardan asılı vəziyyətdədir: “Ona görə də ermənilər Rusiyaya qarşı hər hansı etiraz bildirməkdənsə, öz milyonçu ermənilərinə bildirsələr yaxşı olar. Ermənilər bü gün üzləşdiyi ağır iqtisadi vəziyyətin səbəbini Ara Abramyan və Rusiyada yaşayan digər erməni milyarderlərindən soruşsalar daha yaxşı olar. Axı, bu insanlar bu gün Rusiyada erməni lobbi siyasəti ilə məşğul olur və guya Ermənistan üçün can yandırırlar. Rusiyaya gəldikdə, Ermənistanda hərbi bazamız var, bu ölkəyə yanacaq göndərir, Metsamor AES-ə yardım edir. Ermənilər daha çox İranın və Türkiyənin hesabına yaşayır. Digər tərəfdən maliyyə cəhətdən Ermənistan Rusiyadan daha çox Qərbdən asılıdır. ABŞ-dakı erməni diasporu Qarabağda yaşayan ermənilərə qrant verir. Odur ki, Moskvanı ittiham etməyə dəyməz”.
Türkiyə-Ermənistan münasibətlərinə toxunan politoloq deyib ki, bu gün Qarabağ məsələsinə görə iki ölkə arasında sərhədlər formal bağlı olsa da, bu gün Ermənistana Rusiyadan daha çox Türkiyədən mal idxal olunur: “Gürcüstan üzərindən bu ölkəyə davamlı olaraq yüklər daşınır. O baxımdan da ermənilərin Rusiyadan asılı olması barədə səslənən fikirlər yanlışdır. Türkiyədəki Kilikiya erməniləri çox yaxşı yaşayır və onlar pendir kimi yağ içində üzürlər, kasıbçılığın nə olduğunu bilmirlər. İzmir ermənilərin kompakt məskunlaşdığı şəhərdir. Türkiyədəki ermənilər Rusiyadakı ermənilərdən daha varlı olduqlarından Ermənistana daha böyük təsirləri var”.
Ermənistanın sosial-iqtisadi vəziyyətinə gəldikdə politoloq deyib ki, İrəvan Qarabağ münaqişəsindən istifadə edərək qərbli sponsorlardan və erməni diasporundan pul dilənir: “İrəvan Qarabağ kartından öz siyasi, iqtisadi dəstəyini təmin edir. Bununla yanaşı, onu demək lazımdır ki, Ermənistan-Azərbaycan münasibətlərinin kəsilməsi, enerji ehtiyatlarının tranzit layihələrindən kənarda qalması və bununla da ermənilərin Xəzər ətrafından itməsi ilk olaraq erməni xalqı üçün faciədir. Çünki ermənilər yüz illər boyu Bakı və digər şəhərlərində imkanlı həyat tərzi sürərək yaşayıblar. Məhz Qarabağ məsələsinə görə bu əraziləri tərk etməli oldular. Və bundan itirən ancaq ermənilər oldu”.
Gununsesi.info












