
Evlərə maskalı basqın edən şəxslər hakim qarşısına çıxarılıb.
Gununsesi.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Elnur Axundov və Rafiq Ağayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
1982-ci il təvəllüdlü Elnur Axundov subay olduğu daha əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə 7 il məhkumluq həyatı yaşayıb.
1981-ci il təvəllüdlü Rafiq Ağayev isə ilk dəfə məhkumluq həyatı yaşadığını, himayəsində iki azyaşlı övladının olduğunu deyib.
Təqsirləndirilən şəxslər ittiham aktının sürətini almadıqları üçün məhkəmənin hazırlıq iclası təxirə salınıb.
Elnur Axundov məhkəməyə bildirib ki, növbəti iclasda məhkəməyə vəsatət təqdim edəcək. O, bəzi epizodlar üzrə özünü günahkar bilmədiyini deyib.
Məhkəmənin növbəti iclası yanvarın 9-na təyin edilib.
Qeyd edək ki, E.Axundov və R.Ağayev ötən il martın 7-də Baş Cinayət Axtarışı İdarəsi və Abşeron rayon Polis İdarəsi əməkdaşları tərəfindən yaxalanılblar. E.Axundovun əvvəllər də məhkum olunduğu üzə çıxıb.
Məlumata görə, həmin şəxslər Ceyranbatan qəsəbəsi Nərimanov küçəsində gecə saat 01 radələrində 36 yaşlı Könül Sahibovanın yaşadığı evə üzlərinə maska geyinərək basqın ediblər. Qadının evdə tək olmasından istifadə edən hər iki şəxs ikinci mərtəbənin pəncərəsindən mənzilə daxil olub və ona hücum ediblər.
Hər iki şəxs zor tətbiq etməklə K.Sahibovanın əl və ayaqlarını bağlayıb, həmçinin ağzına yapışqanlı lent yapışdırıblar. Bıçaqla hədə-qorxu gələn, pul və qızıl tələb edən həmin şəxslər mənzildən 50 manat və dəyəri 300 manat olan qızıl sırğaları götürərək qaçıblar.
Araşdırma zamanı E.Axundov və R.Ağayevin martın 2-də Ceyranbatan qəsəbəsində yaşayan Vüsalə Həşimovaya qarşı quldurluğa cəhd göstərdikləri də məlum olub. Hər iki dost həmin vaxt mənzildə olan 1988-ci il təvəllüdlü Vüsalə Həşimova və onun 2013-cü il təvəddüdlü qızı Zəhra Həşimovaya bıçaqla hədə-qorxu gəliblər. Onlar bıçaqla qadın və qıza müxtəlif dərəcəli xəsarətlər yetiriblər.










