FAO Ağalıda layihə icra edəcək

  • By admin
  • 03 Mart 2023 19:18

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Zəngilan rayonunun Ağalı kəndinə köçən fermerlərin bilik və bacarıqlarının artırılması üçün layihə icra edəcək.

Gununsesi.info xəbər verir ki, bunu “Report”a açıqlamasında FAO-nun Azərbaycandakı nümayəndəsinin köməkçisi Bariz Mehdiyev bildirib.

“Artıq layihə təsdiq edilib və hökumətə təqdim olunub, bu yaxınlarda icrasına başlanılması gözlənilir. İki illik layihə FAO-nun Texniki Yardım Proqramı çərçivəsində, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmət Agentliyi ilə birgə icra ediləcək. Ondan 300-ə yaxın fermer (benefisiar) bəhrələnəcək. Son 30 ildə kənd təsərrüfatında istifadə edilən texnologiyalar inkişaf edib. Layihə çərçivəsində pilot suvarma sistemlərinin nümayişi və tətbiqi nəzərdə tutulur”, – deyə o qeyd edib.

Xatırladaq ki, Ağalıda ilk “Ağıllı kənd” layihəsi reallaşdırılıb. Layihənin təməlini 2021-ci ilin aprelində Prezident İlham Əliyev qoyub. 2022-ci il mayın 27-də layihənin birinci mərhələsi üzrə açılış mərasimi olub. Kənddə müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, Günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir.

Bundan əlavə, “Ağıllı kənd” layihəsi üçün əkin planı hazırlanıb. Planda nəzərdə tutulmuş torpaq sahələrinin əkinə yararlılığı qiymətləndirilib və əkin üçün hazırlığa başlanılıb. Əkin planına əsasən müəyyənləşdirilən 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər aparılıb.

Gununsesi.info