Fazil Mustafaya sui-qəsddən bir il keçir - DEPUTAT ÖZÜ YAZIR

  • By admin
  • 28 Mart 2024 11:07

Bir neçə dəfədir ki, televiziyadan izləyirəm. Son illərdə baş verən Ermənistan – İran mənbəli Azərbaycana yönəlik terror hadisələrini şərh edən süjetlər verirlər. Sonuncu fakt kimi Tehranda səfirliyimizə hücumdan bəhs edirlər. Bu süjetlərdə 28 mart 2023-cü ildə baş verən terror hadisəsinin isə sanki çox uzaq keçmişdə olması və əhəmiyyətsizliyi səbəbi ilə unudulduğunu sezirsən…

Hazırda bu terroru həyata keçirənlərin məhkəmə prosesi davam edir. İran xüsusi xidmət orqanından 30 min ABŞ dolları aldıqlarını, qrup halında verilən təlimat əsasında terroru həyata keçirdiklərini etiraf edirlər. Məqsəd tam aydındır: öz ölkəsinin milli maraqlarını və dəyərlərini qorumaq istəyənlərin susdurulması ilə yanaşı dərin bir ictimai xof yaratmaq. Yəni anladırlar ki, biz istənilən vaxt öz içinizdən hazırladığımız terrorçu dəstələrimizlə ölkənizdə qarışıqlıq yaratmağa qadirik. Məhkəmə prosesinin gedişində terrorçu qrupun üzvləri yalnız şəxsimə deyil, həm də Azərbaycan dövlətinə olan nifrətlərini gizlətmirlər. Həmin məhkəmə prosesindəki çıxışları izləyən, ona qarşı rəsmi təbliğat reaksiyamızı müşahidə edən sadəlövh insanlar bəlkə də rahatlıqla belə düşünərlər: “Başqa ölkənin mənafeyinə öz Vətəninin maraqlarını satmaq, oradan alınan təlimat əsasında burada terror aktı törətmək və ölkəni qarışdırmaq heç də şərəfsiz və namussuz hərəkət sayılmaz. Adamlar sadəcə öz dini inanclarının tələbinə uyğun hərəkət ediblər”. Bax beləcə anlamadan öz vətəndaşımızın şüuruna Vətənə xəyanət kimi bir namussuz davranışa loyal baxışı yerləşdirmiş oluruq. Məhz bu səbəbdən həyatıma yönəlik məlum terror hadisəsinin bir illiyində aşağıdakı düşüncələri açıqlamağı zəruri sayıram.

“Ölümdən döndü”. Bu ifadə hələ də qulağımdan asılıb qalmış. Əsrlərdir dilimizin məhvərində yer alan bu sadə cümlənin alt qatında əslində yaradılış qanununa zidd olan bir düşüncə yer alır. İlk öncə bu sualı cavablandırmaq zərurəti yaranır: “Ölümdən dönüş varmı?” “Bütün canlılar ölümü dadacaqdır!” deyən Quran məntiqindən başlayaraq gözümüzün önündə ölümdən dönməyən tanıdığımız insanlara qədər bizi heyrətləndirəcək hansısa məqam ortada yoxkən, yaşadığımız həyatın təsadüf sayıla biləcək təcrübələri bizlərə azmı ipucu verir? Tale elə gətirib ki, məmləkətin son qırx ilinin ən təlatümlü siyasi hadisələrinin içində yer almışam və bütün siyasi labirintlərin içində dəfələrlə ölüm risqini adlayaraq sağ qalmışam. Məgər 1990-cı ilin 19 yanvardan 20 yanvara keçən gecə baş verən qanlı hadisələrin qurbanına çevrilməmiz bir an məsələsi deyildimi? Ya ötən əsrin 90-cı illərində Türkiyəyə mühacirətə gediş məqamında yaşadıqlarım? Yaxud yenidən düşmənlə üz-üzə səngərdə zabit kimi hərbi xidmətdə qarşıma çıxan ağır sürprizlər? Bütün bunlardan daha dəhşətlisi 28 mart 2023-cü il tarixindən evimin qarşısında baş verən terror aktından yaralı vəziyyətdə qurtuluşum. Əlbəttə, bunların hamısında “qoruyucu mələyin”, yəni anlaşılan bir dildə “əlahəzrət təsadüfün” rolunun xatırlanması vacib olsa da, bəlkə ölümə biganəliyimin də izahı mümkün olmayan bir rolu olduğunu vurğulamaq istərdim. Mən həyatı məhz faydalı və mənalı yaşadığıma görə çox sevirəm, ancaq hər zaman Nazim Hikmətin də söylədiyi; “Ölümdən o yana bir kənd varmı Bayramoğlu?” kimi möhtəşəm sualın üzərində düşüncələri aktual olaraq qorumaqdayam. Özümü həmişə konkret prosesləri yönəldən, bəzən də yönəldilən proseslərin içində yer alan siyasətçidən daha artıq aydınlatma, sağlam düşüncəyə çağırış görəvini önə çıxaran bir vətən övladı rolunda hiss etmişəm. Siyasət də əslində rolun vasitəsi kimi anlaşılıb, bütün yaşamım boyu. Bəlkə də bu düşüncələr Vətəndaş olmaqdan çox, Vətənbaş olmağı hədəfləməyimdən qaynaqlanmış və hər zaman Başı Daşdan qorumağın önəmini anlamışam. Milyonlarla Daşı bir neçə işıqlı Başa atanın Vətən, Dövlət, Xalq, Millət üzvü və ya ayrıca əziz bir insan, yaxud düşmən bir məxluq olmasının da fəqrinə varmamışam. Əmin olduğum bir gerçək olub: Başı Daşdan qorumaq insanlığı cəhalətdən, nadanlıqdan qorumaq deməkdir. Bir yapon, bir yəhudi, bir ingilis, bir çinli başına dəyən bir Milli Daş belə, dünyada Daşın Başdan ağır gəlməsini təmin edəcəkdir və bu, bizim məmləkətin taleyi üçün də arzuolunmaz bir sonluq deməkdir.

Mirzə Fətəlinin, Həsən bəy Zərdabinin, Mirzə Cəlilin, Əhməd Bəyin, Əli bəy Hüseynzadənin, Cavid Əfəndinin, Məhəmməd Əmin bəyin və onlarla bu sıralamada yer alan şəxsiyyətlərin başına atılan cəhalət dolu Vətən Daşları XXI yüzildə yolumuzun üstündə qalaqlanıb hərəkətimizi əngəlləyir. Bu Daş formasında simvollaşdırdığımız məfhumları siz güllə, yumruq, söz kimi də anlaya bilərsiniz. Ağır yaralandığım andan həyatım üçün narahatlıq keçirən, xəstəxana qarşısında həyəcanla gözləyən, evdə müalicə olunduğum zaman dəyərli vaxtını ayırıb ziyarətə gələn, uzaqdan olsa belə duaları ilə bizi xatırlayan hər bir insanımıza, xüsusilə də “Fazil Mustafaya qarşı törədilən bu terror aktı həm də Azərbaycan dövlətinə qarşı törədilmişdir” deyən dövlət rəsmilərinə, ilk gündən mənəvi dəstəyini hiss etdiyim ölkə Prezidentinə sonsuz minnətdarlıq borcum var. Vəfa borcum isə yuxarıda adlarını sadaladığım millət adına aydınlığımızın, dövlət adına müstəqilliyimizin təməlinə Daş qoymuş dəyərli böyüklərimizədir.

Sui-qəsd baş verəndən sonra kimsənin ağlına belə gəlmədi məndən şəxsi düşmənimin olub-olmaması barədə sual sorsun. Təcili yardım maşınında məni müşayiət edənlərə qətiyyətlə söylədiyim bu ifadəni dəqiq xatırlayıram: “Mənim şəxsi düşmənim yoxdur, güllə atanlar da ancaq fikir düşməni, düşüncə qatili müsəlman terrorçuları ola bilər”. Məntiq sadədir: İllərdir dini cəhalətə, xurafata, ərəb, fars, türk məzhəbçiliyinə, təriqətçiliyinə qarşı aydın mövqe sərgiləyirəm, yaşadığımız İslamın öz peyğəmbəri Məhəmmədin dünyagörüşü ilə əlaqəsi olmadığını, əsasən vəhşi, qatil və nadan yetişdirən bir mexanizm olduğunu yazıram, söyləyirəm. Təbii ki, bunlarla yanaşı gerçək İslamı anlayan, yaşayan, dini ideologiya kimi canına hopdurmamış, ölkənin dünyəvi Anayasasına sayğılı xeyli sayda tanıdığım müsəlmanların da inanc və hərəkətlərini təqdir edərək, illərdir özüm də namaz, oruc, Həcc ziyarətindən tutmuş bu dinin bütün rituallarına əməl etməyə çalışıram. Deyə bilərsiniz ki, konkret terror əməlini törətmiş bu qrupun əsas simaları Qumda yetişdirilmiş və ya burada parnikdə genetik modifikasiyası dəyişdirilmiş zombiləşmiş azərbaycanlılardır, sabah ağalarından əmr gəlsə, öz atalarını, analarını, qardaşlarını da rahatca güllələyərlər. Neçə ki, həbs olunan bəzi şəxslərin telefonlarından İran kəşfiyyatına ötürmək üçün Azərbaycanın strateji obyektlərinin foto və videolarının çıxması da buna dəlalət edir. Bu, dolayı yolla həm də İran vasitəsi ilə Ermənistana ötürüləcək məxfi məlumatlardır. Fəqət iş burasındadır ki, başqa məkanlarda yetişən və yalnız ibadət formasına görə fərqlənən müsəlmanların da bir çoxunun dünyagörüşü aşağı-yuxarı bunlarınkına çox bənzərdir.

Dostlarla şəhərdə Ramazan ayının orucunu açıram, evə dönürəm və məlum olur ki, aylardır məni izləyən terrorçu İran xüsusi xidmət orqanından göndərilən maddi vəsait və təlimat əsasında evimin qarşısında qurulmuş pusqudan gecənin qaranlığında birbaşa maşınıma yaxın məsafədən atəş açır. Səkkiz avtomat gülləsindən ikisi vücudumu dəlib keçir. Maraqlıdır ki, bu əmri verən və icra edən adamlar da oruc tutur, namaz qılır və həm də rahatlıqla oruc tutan, namaz qılan başqa bir müsəlmanı öldürmək istəyir. Həm də evinin önündə, ailəsinin gözü qarşısında. Arqument də birdir: “Fikirləri, çıxışları bizi narahat edir”.

Əlbəttə, mən bu Vətənə düşmən olan, onun dünyəvi dövlət quruluşunu təhdid edən, məzhəbi, dini maska kimi istifadə edərək başqa dövlətin maraqlarına xidmət edən hər bir satqını, xaini, cahili narahat edən bir azərbaycanlıyam. Həm də narahat olduqları fikirlərin müəllifi yalnız mən deyiləm, bu milləti aydınlığa qovuşdurmaq istəyən bütün dünyasını dəyişmiş milli şəxsiyyətlərimizdir, biz onların yüz il öncəki fikirlərinin sadəcə tərcümanıyıq.

Azərbaycanda və çevrəmizdə baş verən bu kimi hadisələrdən çıxan ibrətamiz nəticə: artıq bizləri bir müsəlmanın adil insan kimi yetişməsi qatil kimi yetişməsindən daha çox təəccübləndirir. Bu qatillərin də təsnifatını doğru aparmaq lazım: İnsan qatillləri və Fikir qatilləri. Azərbaycanın spesifikası həm də budur ki, burada dinçiləri ya Sünni dininin, ya da Şiə dininin təmsilçiləri olaraq görə bilirsən. Həzrəti Məhəmmədin yaşadığı, anlatdığı İslam dininə bağlı mömin dindar tipologiyası da ölkəmizdə nadir nüsxəyə çevrilməkdədir.

Müsəlman həmrəyliyinin özü də mahiyyətcə iki cürdür: Birincisi, qatil müsəlmanların həmrəyliyi, ikincisi adil müsəlmanların həmrəyliyi. Əsrlər boyu qatil müsəlmanların həmrəyliyi adil müsəlmanların həmrəyliyindən daha aktiv fazada özünü büruzə vermişdir. Bu günümüzdə də dəyişən bir durum yox!

Nə yazıq ki, bu gün ittihadi-islam anlayışı daha çox qatil müsəlmanların üzərindən gerçəkləşməkdədir. Müstəqillik dövrümüzün ən ciddi itkilərindən birincisi də elə burada özünü göstərir. Bu cür dinçiliyin ən acınacaqlı tərəfi isə özünə psixoloji cəhətdən “dinin qoruyuculuğu” funksiyasını qəbul etdirməkdir. Sonra bu funksiya daha da xırdalanır və “İslam dövlətinin qoruyucusu”, “müsəlmanların qoruyucusu”, “məzhəbin qoruyucusu”, “təriqətin qoruyucusu”, “öldürülmüş imamın və ya şeyxin qoruyucusu”, “yaşayan imamın, şeyxin və ya digər din xadiminin qoruyucusu” kimi adlar altında fanatik bir kimliyə çevrilirlər. İslam insan şəxsiyyətini bəndəyə, dini liderə, hökmdara nökər olmaqdan Allaha qul olmağa, yəni yaşayan avtoritetə deyil, yaşadan avtoritetə doğru ucalmağa yönəltdikcə, bu insanlar vasitəçilərsiz şəxsiyyət olma kimi mənəvi həzzdən könüllü imtina edirlər.

Biz ölümdən dönüşdən danışdıq, bəs cəhalətdən, nadanlıqdan, mövhumatdan, xurafatdan, yobazlıqdan aydınlığa dönüş varmı?

Ölkəmizdə yetkinləşmiş sıraüstü az sayda Vətənbaş var, dövlət təəssübü və hüquq anlayışı olan bir miqdar sıradan Vətəndaş var, bunlarla yanaşı yeriyən, danışan, ibadət edən yüzminlərlə Daş var. Hər bir Daş ayrı-ayrılıqda həm də bu Vətənə xor baxan, ağzı dualı, oruclu məxluqlardır. Mən onları Vətənxor adlandırıram. Bu Vətənxorlar nəşəxorlardan, rüşvətxorlardan daha təhlükəli zümrədirlər.

Gerçəyi gizlətməyək, biz əsrlər boyu xəstə cəhalətsevər iranlı virusunu zehnində, ruhunda daşıyan bir soydaş kütləsi olmuşuq. 1828-ci il Rusiya işğalı hər nə qədər xalqımızın fərdlərinə qarşı faciələr bəxş etsə də, bizə siyasi müstəmləkəçilik gətirsə də, geriçi iranlı kimliyimizdən qurtuluş üçün cəmiyyətimizin bir qisminə qapı açdı. Məhz biz azərbaycanlı kimliyimizi, şəxsiyyətimizi tanımaqla XX yüzilin başlarında müstəqil dövlət qura bildik.

Acınacaqlıdır ki, XXI əsr bizim yenidən cəhalət, nadanlıq və xurafatla dolu iranlı kimliyinə qaytarmaq istəyənlərlə müstəqil dünyəvi dövlətimizi və şəxsiyyətli azərbaycanlı kimliyimizi qorumaq istəyənlərin mübarizə tarixi kimi xatırlanacaq. Ancaq bu mübarizənin önündə ölkənin xüsusi xidmət və hüquq-mühafizə orqanlarını və tək-tük Vətənbaş şəxslərini görmək mümkündür. Bu sahədə səlahiyyəti olan dövlət institutları və hər ayın sonunda maaş kartına əmək haqqı yüklənən dövlət məmurları, eləcə də sağlam dindarlar və ziyalı ağırlıqlı mərkəzlər müstəqil dövlətimizin qorunması üçün fəaliyyətlərini canlandırmasa, cəmiyyətin sağlam düşüncəli insanları səfərbər olmasa bir neçə ildən sonra cəhalət sempatizanları Azərbaycanı rahatlıqla terror yuvasına çevirə bilərlər.

Öz vətəndaşımızdan Daşı qoparıb, onu Vətənə atırlar. Məni öləcəyim gün və ya an qorxutmadı, qorxutmayacaq da. Çünki Vətən, Millət, Milli Dövlət cinahı və Aydınlıq davasında ölənlərin içində ömür yolu, yazısı, kitabı ilə yaşayan nəsillərimizin xatırlaması üçün şərəfli bir ad buraxacağımdan əminəm. Ancaq hər bir Vətən övladının Vətəndən ayrılan daşları ətəyindən töküb dünyanın yeniləşən üzünə diqqətlə baxması lazım. Xırda-xırda qumcuqların artıq dünyəvi dövlətimizi, milli kimliyimizi, gələcək ideallarımızı təhdid edən qum topasına çevrilməsinə biganə qalan, müşahidəçi statusundan həzz alan vətəndaşlar, soydaşlar, dindaşlar özləri də anlamadan Ərəb ölkələrinin, İranın, Əfqanıstanın, bir sözlə müsəlman şərqinin yaşadığı fəlakətlərin eynisinin bu gözəlim məmləkətə daşınmasına yaşıl işıq yandıranlar olacaq.

Vətənə daş kimi yük olanlarla, ona aydın, işıqlı baş kimi xidmət edənlərin mübarizəsi indi daha həlledici və ciddi mərhələyə qədəm qoyur. Bu millətin dilinin qıfılını açmış Mirzə Fətəlinin, dövlətini qurmuş Məhəmməd Əmin bəyin, səsinin ahəngini düzəltmiş Üzeyir bəyin, müstəqillik davasını aparmış Elçibəyin, dövlət müstəqilliyini mətanətlə qorumuş Heydər Əliyevin və ölkəni düşmən işğalından azad edərək orqanik bütövlüyünü təmin etmiş İlham Əliyevin Cumhuriyyət modelini xilafətə, imamətə, cəhalətə qarşı qorumağa hazırıqmı? Hanı o gözəlim himnimizdə təkrar-təkrar oxuduğumuz sözlər? “Namusunu hifz etməyə, Bayrağını yüksəltməyə, Cümlə gənclər müştaqdır!” Yalnızca gənclərmi? Unutmayaq ki, milli dövləti gənc olan millətlərin yaşından asılı olmayaraq hər bir fərdi də dövləti kimi müdrik bir gənc olmağa məhkumdur. Mənim milli ideyamın biri və biricisi böyüklərimizin əmanəti olan Cumhuriyyətimizi cəhalətə, qaragüruha qurban getməkdən qorumaqdır. Yaşadıqca, mən bu ideyaya müştağam! Vücudumzu yaralayan cəhalətin qurşunları canımızdakı bu ideyanı yaşadıqca da, ölümümüzdən sonra da öldürə bilməyəcək!

Fazil Mustafa