Fikrət Məmmədov Türkiyənin ədliyyə naziri ilə görüşüb

  • By admin
  • 03 Aprel 2018 19:16


Türkiyənin ədliyyə naziri Abdulhamit Gül geniş tərkibli nümayəndə heyəti ilə Azərbaycana səfərə gəlib.

Ədliyyə Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, bu gün ədliyyə naziri Fikrət Məmmədov türkiyəli həmkarını qəbul edib. F. Məmmədov ölkənin ədliyyə tarixinə toxunaraq nazirliyin bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmasından və fəaliyyətindən bəhs edib, son illər ədliyyə və məhkəmə sistemində aparılan islahatlardan və yeniliklərdən danışıb, həyata keçirilən tədbirlərdə türkiyəli mütəxəssislərin yaxından iştirakını, ötən il Türkiyə Ədliyyə Akademiyasının dəstəyi ilə bütün hakimliyə namizədlərin qardaş ölkədə yarım aylıq təcrübə keçdiyini xüsusilə vurğulayıb.

Türkiyənin ədliyyə naziri isə ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin dünyada bənzəri olmadığını və bu əlaqələrin bütün sahələrdə durmadan inkişaf etdiyini söyləyib. Abdulhamit Gül Türkiyənin məhkəmə-hüquq sistemindən danışaraq aparılan islahatlar barədə məlumat verib, yaxşı təcrübələrin öyrənilməsinin faydasını qeyd edib. O, iki ölkənin Ədliyyə nazirlikləri arasında qarşılıqlı fəaliyyətin bundan sonra da uğurla inkişaf etdirilməsinə hazır olduğunu bildirib.

Söhbət zamanı ölkələrzin hər zaman bir-birinin yanında olduğu vurğulanaraq qardaş ölkədə xalqın qəhrəmanlığı sayəsində qarşısı alınan 15 iyul hərbi çevriliş cəhdinin yaşandığı ağır günlərdə Azərbaycan xalqının və prezidentinin Türkiyəyə dəstək göstərdiyi, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin ölkəmizin haqlı mövqeyini daim dəstəklədiyi qeyd olunub. Türkiyənin ədliyyə naziri 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə bağlı faciə qurbanlarının xatirəsinə ehtiramını ifadə edib, ermənilərin xalqımıza qarşı törətdikləri vəhşilikləri qətiyyətlə qınayıb.

Görüşdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, hüquqi yardımın səmərəliliyinin artırılması və digər maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Gununsesi.info