Film Komissiyası yaradılacaq - AZƏRBAYCANDA

  • By admin
  • 26 İyul 2017 22:58

film

“British Council Azərbaycan” 2015-ci ilin aprel ayından etibarən Avropa İttifaqının Mədəniyyət və Yaradıcılıq Proqramını reallaşdırır. Proqram çərçivəsində “British Council” Azərbaycanda kinematoqrafiya sahəsinin inkişaf etdirilməsi məqsədilə Film Komissiyası modelinin yaradılmasını nəzərdə tutan layihə həyata keçirir.

Gununsesi.info xəbər verir ki, iyulun 26-da Nizami Kino Mərkəzində Azərbaycan Film Komissiyası modelinin tətbiqi ilə bağlı tədbir keçirilib və layihə ətrafında ilkin fikir mübadiləsi aparılıb.

“British Council” təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vayt Avropa İttifaqının Şərq Tərəfdaşlığı Mədəniyyət və Yaradıcılıq Proqramı barədə məlumat verib. Bildirib ki, proqramın məqsədi mədəniyyət və yaradıcılıq sektorlarının Azərbaycan və Şərq Tərəfdaşlığı proqramına daxil olan digər beş ölkədə humanitar, sosial və iqtisadi inkişafa davamlı töhfəsinin dəstəklənməsidir. “British Council” və onun tərəfdaşlarının həyata keçirdiyi proqram 2018-ci ilədək davam edəcək.

Azərbaycan Film Komissiyası modeli barədə məlumat verən E.Vayt deyib ki, film sahəsinin inkişaf etdirilməsi Azərbaycan üçün prioritet istiqamətlərdən biridir. Film Komissiyası xarici çəkilişlərin Azərbaycana cəlb edilməsi, investisiyaların ölkəyə daxil olmasının asanlaşdırılması, xarici kinematoqrafçılarla yerli film ictimaiyyəti arasında təcrübə mübadiləsinin həvəsləndirilməsi və regional turizmin inkişafına dəstək göstərilməsi baxımından nadir imkan kimi görünür. Komissiyanın yaradılmasına dair müvafiq icmalın işlənib hazırlanması Mədəniyyət və Turizm Nazirliyinin qanunvericilik işçi qrupunun üzvü, ekspert Fikrin Bəktaşiyə həvalə edilib. Bu məqsədlə Fikrin Bəktaşi Avropa İttifaqının üç ölkəsinə səfər edib, orada fəaliyyət göstərən Film komissiyaları və dövlət orqanları ilə görüşlər keçirib, müxtəlif Film Komissiyası modellərinə dair müfəssəl məlumat toplayıb və müqayisəli araşdırma aparıb. Qeyd olunub ki, Film Komissiyası layihəsi üçün bütün bunlar nəzərdən keçiriləcək və Azərbaycanda tətbiq edilmək üçün ən münasib film komissiyası modeli hazırlanacaq.

Fikrin Bəktaşi çıxış edərək bildirib ki, Avropa İttifaqının əksər üzv ölkələri Film Komissiyası yaratmaqla xarici kinematoqrafçıları öz ölkələrində film çəkməyə həvəsləndirməyə nail olublar. O, Avropa təcrübəsini əsas götürərək, ölkəmizdə də Film Komissiyası modelinin yaradılmasının Azərbaycanda kinematoqrafiya sahəsinin inkişaf etdirilməsi baxımından əvəzsiz rol oynayacağını deyib.

Daha sonra Fikrin Bəktaşi Film Komissiyası layihəsi və konsepsiyası barədə məlumat verib. O, təqdimat planında film komissiyasının statusu və vəzifələri, Avropa İttifaqında film komissiyaları üçün hüquqi əsaslar, film komissiyasının strukturu, prosedur qaydaları, mövcud maliyyə güzəştləri, komissiyanın faydası və Azərbaycan Film Komissiyası modeli ətrafında çıxış edib.

Gununsesi.info