Braziliyanın “Şapekoense” klubunun futbolçularını aparan təyyarə Kolumbiyada qəzaya uğrayıb.
Gununsesi.info Türk KİV-nə istinadən xəbər verir ki, hadisə zamanı təyyarədə 72 sərnişin və 9 ekipaj üzvü olub.
Məlumatlara görə, qəza Antikokiya bölgəsinin La-Unon rayonunda baş verib. Qəzanın səbəbləri məlum deyil. Yerli mediadan bildirilir ki, hadisə zamanı futbolçular Amerika kuboku üzrə keçirilən oyunda iştirak üçün Medelin şəhərinə doğru uçurmuş.
Qəzanın səbəbləri ilə bağlı ilkin məlumatlar yayılıb. Bildirilib ki, təyyarə yanacağın çatmaması səbəbindən təcili eniş üçün icazə istəyib. Ancaq pilotlar təyyarəni endirməyə müvəffəq ola bilməyiblər.
Yerli mediada yayılan xəbərlərdə qəza zamanı çox sayda insanın öldüyü bildirilib. Hadisə vaxtı təyyarədə futbolçulardan başqa, jurnalistlər, qonaqlar və klub rəsmiləri də olublar. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.
Rəsmilər klubun Amerika kubokunun finalında iştirak etmək üçün Boliviyadan Kolumbiyaya uçduğunu açıqlayıblar.
Gülnaz Qənbərli
Gununsesi.info












