“Gəncə Mənzil Tikinti” ASC-nin yeni sahibi müəyyən olunub

  • By admin
  • 31 Avqust 2017 16:44

5353

Əmlak Məsələləri Dövlət Komitəsi “Gəncə Mənzil Tikinti” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin nəticələri açıqlanıb.

Gununsesi.info Komitəyə istinadən bildirir ki,  müsabiqədə iştirak etmək üçün bir neçə iddiaçı tərəfindən ərizə və investisiya təklifləri təqdim olunmuşdur. Komissiyanın qərarına əsasən, iddiaçılar iştirakçı statusunu əldə edib.

Müsabiqənin şərtlərinə müvafiq olaraq, qalib şəxs dövlət büdcəsinə 500 min manat məbləğində vəsaitinin köçürülməsini təmin edib. Habelə İnvestisiya Proqramına əsasən, 18  ay ərzində müəssisəyə 844 min manat məbləğində investisiya qoyuluşunun həyata keçirilməsini öhdəsinə götürüb. Nəzərdə tutulan investisiya qoyuluşları müəssisənin ərazisindəki yararsız və qəzalı vəziyyətdə olan tikililərin demontajına, istehsal korpusları və inzibati binada yenidənqurma və təmir işlərinin aparılmasına, xırdalanmış mərmər ovuntuları sexinin qurulmasına yönəldiləcək. Habelə həmin investisiyalar taxıl (silos) və logistika anbarlarının qurulmasına, avadanlıq, texnika, maşın-mexanizm və xammalın alınmasına xərclənəcək. Eyni zamanda, nəzərdə tutulan investisiyalar müəssisənin infrastruktur təminatının yaxşılaşdırılması (işıq, su və s.) və ərazinin abadlaşdırılmasına sərf ediləcəkdir.

Görüləcək işlər nəticəsində müəssisədə 70 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Vüsalə

Gununsesi.info